» » » Azərbaycan Premyer Liqasının gümüş və bürünc medalları Qəbələyə aparılacaq

Azərbaycan Premyer Liqasının gümüş və bürünc medalları Qəbələyə aparılacaq

Futbol üzrə 2016/2017 mövsümündə Azərbaycan Premyer Liqasının bürünc və gümüş mükafatçıları Qəbələ şəhərində mükafatlandırıla bilər. Bu barədə “Report”a Peşəkar Futbol Liqasının (PFL) direktoru Məlik Həsənov məlumat verib.

O, bildirib ki, aprelin 23-də XXVIII tur çərçivəsində keçiriləcək “Qəbələ” – “İnter” görüşünün yekununda meydan sahiblərinə gümüş, qonaqlara isə bürünc medalların təqdim edilməsi mümkündür. Bunun üçün isə meydan sahiblərinin 0:3 və ya 1:3-dən başlayaraq, 2 top fərqi ilə uduzması lazımdır: “2016/2017 mövsümündə 2-ci və 3-cü yer üçün nəzərdə tutulan medallar Qəbələyə aparılacaq. Lakin PFL-in əyalətə hansı heyətlə yollanacağı dəqiq bilinmir. Hər şey nəticədən asılıdır. Uyğun hesab qeydə alınsa, “Qəbələ”yə gümüş, “İnter”ə isə bürünc medallar təqdim olunacaq".

Qeyd edək ki, “Qəbələ” hazırda 49 xalla 2-ci, “İnter” isə 43 xalla 3-cü pillədə qərarlaşıb. “Qırmızı-qaralar” ilk dövrədə paytaxt klubu ilə qolsuz bərabərə qaldığı halda, səfərdə keçirdiyi son iki qarşılaşmada 1:1 hesabı ilə heç-heçə etməklə yanaşı, rəqibini 2 cavabsız qolla üstələyib.

scroll top