» » » Toğrul Əsgərov: “Kəpəz”ə stadiondan dəstək vermək istəyirəm”

Toğrul Əsgərov: “Kəpəz”ə stadiondan dəstək vermək istəyirəm”

“Mənim “Kəpəz”in azarkeşi olduğum sirr deyil. Komandanın çıxışlarını yaxından izləyirəm. Mütamadi olaraq mətbuat və xüsusən də, dost-tanışdan klubla bağlı məlumatları alıram”.

“Report”un məlumatına görə, bunu 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov Gəncə təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvü olan 25 yaşlı idmançı bildirib ki, futbol Gəncədə bir nömrəli idman növüdür. O, “Kəpəz”in son matçlarda uğurlu çıxış etdiyini vurğulayıb: “Yeni ilin ilk oyunlarında “Kəpəz” özünü yaxşı tərəfdən göstərə bilmədi. Ardıcıl məğlubiyyətlər oldu. Əslində, idmanda belə şeylər başa düşüləndir. Hər bir komandanın, idmançının uğursuzluq zolağına düşdüyü vaxt olub. Əsas olan belə vəziyyətdən tezliklə çıxmaqdır. Şükürlər olsun ki, komanda özünə gəlib toparlanmağı bacardı. Son oyunlar da göstərdi ki, “Kəpəz” dirçəlib. “Qəbələ” üzərində qazanılan qələbə lap möhtəşəm idi. Gəncədə futbol bir nömrəli idman növüdür. Bunu hamı yaxşı bilir. Ev oyunlarında stadiona çoxlu sayda azarkeş gəlir. Tamaşaçı komandanı ruhlandırır, qələbəyə səsləyir. Özüm güləşçi olsam da, həddindən artıq futbola meylliyəm. Güləşi seçməsəydim, çox güman, futbolçu olardım. Futbol oynamaqdan doymuram. Həftədə 2-3 dəfə uşaqlarla yığışıb oynayırıq. Biz gəncəlilərin ürəyi futbolla döyünür. Oyun olan günlər şəhərdə canlanma hiss olunur. Hamı stadiona doğru axışır. İndi hamımızın arzusu “Kəpəz”in ötən mövsüm olduğu kimi yenə Avropa Liqasına vəsiqə qazanmasıdır. Şansımız var və bundan istifadə etməliyik”.

T.Əsgərov son vaxtlar “Kəpəz”in oyunlarını tribunadan izləyə bilməməsinə də aydınlıq gətirib. Olimpiya çempionu bunu zədəli olması ilə əlaqələndirib: “Düzdür, son vaxtlar stadiona az-az gəlirəm. Bu da əvvəllər yarışlar və məşqlər ilə bağlı idisə, indi zədəmlə əlaqədardır. Yaxşı başa düşürəm ki, televizorla stadiondan baxmağın arasında böyük fərq var. Futbolu tribunadan izləməyin yeri ayrıdır. Son iki ev oyununa gəlməyə çox can atdım. Amma müəyyən səbəblər üzündən gələ bilmədim. İnşallah, çempionatın sonuncu matçında stadionda olacağam. “Kəpəz”ə stadiondan dəstək vermək istəyirəm”.

scroll top