» » » Kirsan İlümjinov: "FİDE-nin ofisini Bakıda da açmaq olar" - MÜSAHİBƏ

Kirsan İlümjinov: "FİDE-nin ofisini Bakıda da açmaq olar" - MÜSAHİBƏ

"FİDE-nin ofisini Bakıda açmaq, təbii ki, mümkündür. Təkliflərə açığam. Burada bir çox nüansı nəzərə almalıyıq. Burada açsaq, Lozannadakı kimi vergidən azad olsaq, digər problemlər İsveçrədəki kimi həllini tapsa, qiymətlər ucuz və sərfəli olsa, təbii ki, məmnuniyyətlə razılaşarıq".

ucarliyiq.biz xəbər verir ki, bu sözləri Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2017" superturnirinin açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Rusiyalı funksioner əvvəlcə yarış barədə fikirlərini bölüşüb:

- Şəmkir əhalisini Vüqar Həşimovun 4-cü xatirə turnirinin açılışı münasibətilə təbrik edirəm. Hər dəfə bura böyük məmnuniyyətlə gəlirəm. Dünyanın ən güclü şahmatçıları "ShamkirChess"də iştirak etməyi özləri üçün böyük şərəf hesab edirlər. Bunun birinci səbəbi Vüqarın onlara qarşı hər zaman açıq qəlbli olması idi. İkinci səbəb Azərbaycanın dünya şahmatının paytaxtına çevrilməsidir. Əbəs yerə deyil ki, Şəmkiri "İkinci Linares" adlandırırlar. FİDE prezidenti kimi də Şəmkiri "Azərbaycanın Linaresi" adlandırmaq istərdim. Gələn il bu turnirin 5 illik yubileyi qeyd olunacaq. Əminəm ki, ilk yubiley turnirində də planetimizin ən elitar şahmatçıları Şəmkirə toplaşacaqlar. Turnir iştirakçılarına amansız mübarizə aparmalarını və öz oyunları ilə şahmat azarkeşlərini sevindirmələrini arzulayıram.

Şahmat proqnozu sevməsə də, FİDE prezidentinin favoritininin kimliyini bilmək maraqlı olardı...

- Bu suala cavab vermək olduqca çətindir. Çünki son zamanlar bütün şahmatçıların səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Şəmkirdə yalnız dünya çempionu Maqnus Karlsen yoxdur. Digər top-oyunçular isə bu gözəl diyara toplaşıblar. Onların hər biri dəfələrlə həm təkbətək, həm də turnir xarakterli yarışlarda ən yüksək mübariz keyfiyyətlərini, sonadək mübarizə aparma qabiliyyətlərini ortaya qoymağı bacarıblar. Yadınızdadırsa, 2 il əvvəl Sergey Karyakin Bakıdakı Dünya Kubokunda Peter Svidlerlə matçın gedişində 0:2 hesabı ilə geridə olarkən, dönüş etdi. Nəticədə o, Dünya Kubokunu "dişlərinə aldı". Əminəm ki, Vüqarın ruhu naminə bütün iştirakçılar ən gözəl oyunlarını nümayiş etdirəcəklər. Proqnoz vermək istəmirəm. İndi kimisə favorit hesab etdiyimi desəm, düşünəcəksiniz ki, hakimlər onun rəqiblərinin qapısına penalti təyin edəcəklər. Hamısına azarkeşlik edirəm. Qoy, güclü qalib gəlsin.

Axır zamanlar FİDE daxilində baş verənlərlə bağlı son vəziyyət necədir?

- 2018-ci ildə FİDE prezidenti seçkisinə namizədliyimi verəcəyimi dünən rəsmən açıqladım. Seçki Gürcüstanın Batumi şəhərindəki Ümumdünya Şahmat Olimpiadası çərçivəsində baş tutacaq. Təxminən 2 həftə öncə FİDE-nin Prezident Şurasında yaşananlar isə sadəcə anlaşılmazlıq, texniki problem idi. Mənim ideyalarım da, komandam da, proqramım da açıqdır. Kimin yaxşı fikri, ideyaları varsa, onları komandamda görməyə, hamısı ilə işləməyə hazıram.

Yenidən seçilsəniz, sizə qarşı çıxanları komandadan uzaqlaşdırmağa hazırsınız?

- Mən qeyd etdim ki, komandamda hər kəsi görməyə hazıram. Həmçinin, həmin şəxsləri ora dəvət edə bilərəm. Qoy, məndən narazılıqlarını, fikirlərini bildirsinlər, buna hazıram. 22 ildir çalışıram ki, şahmat ailəsi birləşsin, möhkəmlənsin. Bu gün burada Veselin Topalov və Vladimir Kramnik iştirak edir. Harri Kasparov FİDE-dən gedəndə tacını da apardı, öz çempionatını keçirdi. 2006-cı ildə Kramnik Kasparovu məğlub etdi və dünya çempionu Topalovla qarşılaşmağa razılıq verdi. Kalmıkiyadakı o görüşdən sonra şahmat dünyası birlik ola bildi. Mən imkan vermərəm ki, arxamızda xırda intriqalar olsun və bu, şahmatın birliyinə, bütövlüyünə təsir etsin. Şahmat dünya boyunca genişlənir. Hazırda 600 milyon insan şahmat oynayır. İl ərzində 80 - 100 ölkədə oluram və həmin ölkələrdə şahmatın sevildiyini görürəm. Odur ki, yenidən namizədliyimi irəli sürməyə qərar verdim. Çünki hədəfim olan "1 milyard şahmatçı" devizini gerçəkləşdirmək istəyirəm. Qarşıdakı 5 ildə dünyada 1 milyard insanın şahmat oynamasını istəyirəm.

İrad bildirən insanları eşitməyə hazırlaşdığınızı dediniz. Onlardan kimsə sizə yaxınlaşıbmı?

- Hələ yox. Görünür, kimlərsə məni istefaya göndərmək istəyirdilər. Buna təəccüblənmişdim. Çünki mən FİDE Prezidenti Şurasında bu barədə heç nə deməmişdim. Onlar istefaya getməyə hazır olduğumu düşünürdülərsə, məndən nədən narazı olduqlarını bildirmələrini tələb etdim. Qoy, desinlər ki, 22 il ərzində harada səhv etmişəm. Mən həmişə jurnalistlərə və əməkdaşlarımıza qarşı açıq olmuşam, onların tənqidlərini qəbul etmişəm.

Onların arasında Georgios Makropulos da var?

- Bizim mənzil-qərargahımız Yunanıstanda yerləşir. I vitse-prezident Makropulos da orada yaşayır. İstefa xəbərimi FİDE-nin rəsmi saytında görən kimi ona zəng etdim. Amma cavab vermədi. Ardından icraçı direktora zəng etdim və bildirdim ki, sizə teleqram göndərmişəm. İstefa vermədiyimə dair açıqlamamı saytda yerləşdirməyinizi xahiş edirəm. O da dərhal telefonu söndürdü. Təsəvvür edirsiniz, FİDE prezidenti FİDE-nin qərargahına zəng edib düşə bilmir. Bu, Leninin dövründə baş verənlərə oxşayır. O dövrdə deyirdilər ki, inqilab etmək üçün poçt şöbəsini və teleqrafı ələ keçirmək lazımdır.

O zaman bəlkə FİDE-nin mənzil-qərargahının yerini dəyişəsiniz?

- Ola bilər. Əvvəllər FİDE-nin ofisi İsveçrədə olub. İndi də belə bir təklif var. Bu ölkədə Beynəlxalq Olimpiya Komitəsinin və əksər idman növləri üzrə beynəlxalq federasiyaların qərargahları yerləşir. Nəzərə alsaq ki, biz də uzun zamandır olimpiya ailəsinə daxil olmaq istəyirik, bəlkə də belə yaxşı olar.

FİDE-nin ofisini Bakıda da açmaq olar?

- Təbii ki, mümkündür. Təkliflərə açığam. Burada bir çox nüansı nəzərə almalıyıq. Burada açsaq, Lozannadakı kimi vergidən azad olsaq, digər problemlər İsveçrədəki kimi həllini tapsa, qiymətlər ucuz və sərfəli olsa, təbii ki, məmnuniyyətlə razılaşarıq.

Dediniz ki, texniki anlaşılmazlıq baş vermişdi. Ancaq sonra özünüz də zənglərinizin cavabsız qaldığını etiraf etdiniz...

- Bunu gizli təxribat kimi qələmə verməzdim. Kiminsə kiməsə qarşı məxfi planlarının olduğunu düşünmürəm. Mən FİDE prezidentiyəm. İşlədiyim müddət ərzində də şahmatın inkişaf strategiyası yollarını araşdırmaqla məşğul olmuşam. İl ərzində 100-dək ölkədə olduğumu dedim. Həmin yerlərdə şahmat məktəblərini ziyarət edir, onlara öz tövsiyələrimi verirəm. İndi nə edək ki, kimsə özünü rəhbər sayaraq, telefonunu söndürüb.

Olsun. İndiyədək Makropulosun telefonu açılmayıb?

- (gülür - red.) Açılmayıb da... Neyləyək?

Interesting facts scroll top