» » » Əbülfəs Qarayev: "İslam Həmrəyliyi Oyunları günlərində turizm marşrutları üzrə ekskursiya xidmətləri təşkil olunacaq"

Əbülfəs Qarayev: "İslam Həmrəyliyi Oyunları günlərində turizm marşrutları üzrə ekskursiya xidmətləri təşkil olunacaq"

"Daxili və gəlmə turizmə əlavə stimul yaratmaq, yerli istehsalı və sahibkarlığı hərəkətə gətirmək, qeyri-neft sektorunun yeni yolla canlanmasına nail olmaq məqsədilə Bakı şəhərində və Azərbaycanda bir neçə yeni turizm layihəsi həyata keçirilir".

ucarliyiq.bizun məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında çıxışı zamanı bildirib.

Nazir bildirib ki, bunların sırasında Novruz bayramı ərəfəsində və hazırda Sabir bağı ərazisində, Köhnə qala divarlarının yanında və İçərişəhərdə davam etdirilən, ölkəmizin zəngin mədəni irsini, mətbəx nümunələrini, xalq tətbiqi sənətini, bir növ tarixi-milli kimliyimizi əks etdirən yarmarka təşkil olunub: "Bu yarmarkanın vətəndaşlarımız və turistlər tərəfindən böyük maraq və rəğbətlə qarşılandığı nəzərə alınaraq, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi müddətdə də davam etdirilməsi nəzərdə tutulur.

Bundan əlavə, Oyunların keçiriləcəyi günlərdə turistlər üçün Bakı şəhərində və regionlarda yerləşən tarix-mədəniyyət qoruqları, müxtəlif profilli muzeylər və xüsusi hazırlanmış turizm marşrutları üzrə ekskursiya xidmətləri təşkil olunacaq. Muzey və qalereyalar Oyunlar zamanı ölkəmizdə olan turistlərə daha uzun müddətdə xidmət göstərməsi üçün iş rejimlərini müvəqqəti uzadılmış şəkildə həyata keçirəcəklər.

Müvafiq qurumlarla, təhlükəsizlik, nəqliyyat təşkilatları ilə əldə olunmuş razılığa əsasən, Oyunların keçiriləcəyi günlərdə turist avtobusları müəyyənləşdirilmiş “şəhər turu” marşrutu üzrə paytaxtımızın qonaqlarına öz xidmətlərini təqdim edəcək".

Turistlərin suallarını cavablandırmaq, onlara lazımi köməyin operativ şəkildə həyata keçirilməsi məqsədilə könüllülərdən ibarət “Ask me – Məndən soruş” layihəsi təşkil olunacaq: "Bu gənclər kütləvi yerlərdə fəaliyyət göstərəcəklər. Oyunlar zamanı ölkəmizə təşrif buyuracaq turistlərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lazımi informasiyanın verilməsi, müvafiq köməyin göstərilməsi, bir növ ilkin bələdçilik funksiyasını yerinə yetirmək məqsədilə Bakı şəhərində yerləşən əsas mehmanxanalarda növbəli qrafik əsasında fasiləsiz fəaliyyət göstərən qərargahlar yaradılacaq.

Bu yaxınlarda “Paşa Sığorta”nın və Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında “Sirli Bakı” mobil tətbiqi layihəsi hazırlanıb. Xüsusi texnologiyaya əsaslanan proqram Bakının tarixi irsini sakinlərə və şəhərin qonaqlarına tanıtmaq məqsədi daşıyır. Proqramın tətbiq olunduğu hər hansı bir cihazla tarixi abidələrin qarşısında quraşdırılmış informativ stendləri “skan” etməklə ziyarətçilər onlar haqqında üç dildə (Azərbaycan, rus, ingilis) müfəssəl məlumat əldə edə biləcəklər.

Qeyd etmək istərdim ki, “Go-map” naviqasiya sistemi təkmilləşdirilərək istifadəçilərin ixtiyarına verilib. Bu naviqasiya sistemi vətənimizin qonağı olan hər bir kəs üçün elektron xəritə üzərindən virtual bələdçilik vəzifəsini yerinə yetirəcək. Bu gün “Go-map” sistemindən gündə 25 min nəfər istifadə edir.

IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədilə aprel ayında, hazırda ərəb ölkələrində keçirilən bütün turist sərgilərində bizim bütün təmsilçilərimiz vasitəsilə Oyunlar haqqında geniş məlumat yayılır və bu proses Oyunlar zamanı da davam etdiriləcək. Eyni zamanda, “Euronews” və “CNN” telekanallarında müvafiq reportajların yayımlanması haqqında razılıq əldə olunub. “Baku Guide” kitabçasının xüsusi buraxılışı təmin olunub və bütün mehmanxanalara çatdırılacaq.

Hörmətli Mehriban xanım, Sizin tapşırığınıza əsasən, eyni zamanda, konsert və teatr müəssisələrində xüsusi proqramların təşkili ilə bağlı işləri həyata keçirdik. Proqramların qısa məzmunu daha çox İslam mədəniyyətinin və Azərbaycan xalqının ənənəvi mədəniyyətinin təqdim edilməsindən ibarətdir.

Heydər Əliyev Sarayında mayın 13-dən etibarən həm Dövlət Rəqs Ansamblının çıxışları, həm də Xalq Artisti Alim Qasımov və Əməkdar Artist Fərqanə Qasımovanın konsertləri təşkil olunacaq. Eyni zamanda, Türkiyənin tanınmış rəqs ansamblı – “Anadolu atəşi” də çıxış edəcək. Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin əsərlərinin tamaşaları təqdim olunacaq. Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamı”, Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq Ritm Qrupu”nun, caz ifaçılarının xüsusi konsertləri təşkil ediləcək. Mayın 20-dən etibarən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, həmçinin Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Arşın Mal Alan” əsərləri əsasında hazırlanan tamaşaların nümayişi nəzərdə tutulur".

Teatr tamaşalarında həm gənc Azərbaycan müəlliflərinin, həm də klassik müəlliflərin əsərləri əsasında qurulmuş səhnələr təqdim olunacaq. Bütün teatrlarda prezidentin tapşırığına əsasən, sinxron tərcümə təşkil edilir. Teatrlarda gedən tamaşaların mətnini həm rus, həm ingilis dilində izləmək mümkündür.

Nazir qeyd edib ki, Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan Milli İncəsənət Muzeyinin Kolleksiyalarında İslam İrsi”, Azərbaycan Xalça Muzeyində “İlahi Sənət: Naxışlar, İlmələr”, Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Dövlət Din Tarixi Muzeyinin kolleksiyasından ibarət “İslam: Sülh və Birlik” adlı sərgilər və Muzey Mərkəzində “Azərbaycan İslam Abidələri” adlı fotosərgi açılacaq: "Nizami” Kino Mərkəzində "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərin festivalı keçiriləcək. “Niyyət”, “Buta”, “Nabat” bədii filmlərinin, “Bakı - İslam Mədəniyyətinin Paytaxtı”, “Bakı əsrlərin aynasında”, “Bakı Birinci Avropa Oyunları”, “Azərbaycan xalçası”, “Çovqan”, “Lahıc”, “Qobustan - bəşəriyyətin beşiyi”, “Hapıtlar”, “Eviniz nurla dolsun”, “Azərbaycan mətbəxi. Dad sonrası dad” sənədli filmlərinin nümayişi olacaq".

Bu ərəfədə - Oyunlardan qabaq Bakıda bir neçə böyük kütləvi tədbirin keçirilməsi də nəzərdə tutulur: " Ayın 23-də Bakıda Mstislav Rastropoviçin adını daşıyan IV Beynəlxalq musiqi festivalı başlayır. Eyni zamanda, Bakı şəhərində aprelin 10-da başlamış ticarət festivalı işini mayın 10-dək davam etdirəcək".

Mayın 4-dən 6-dək keçiriləcək Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda təxminən 700-dək nüfuzlu şəxsin, dövlət və parlament rəhbərlərinin, nazirlərin qatılması nəzərdə tutulur. Onlar üçün də xüsusi mədəni proqram hazırlanmaqdadır.

scroll top