» » » “Bakı 2017”nin əməliyyatlar üzrə baş direktoru: “İslamiadanın açılış mərasimi yüksək səviyyədə təşkil olunub”

“Bakı 2017”nin əməliyyatlar üzrə baş direktoru: “İslamiadanın açılış mərasimi yüksək səviyyədə təşkil olunub”

Bu gün “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib.

“Report-in məlumatına görə, Əsas Media Mərkəzində baş tutan tədbirdə İslamiadanın Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Mark Honeybunn, əməliyyatlar üzrə baş direktor Mayk Loynd və qurumun katibi Könül Nurullayeva iştirak ediblər.

M.Loynd bildirib ki, Bakı Olimpiya Stadionunda baş tutan açılış mərasimi yüksək səviyyədə təşkil olunub: "Açılış bütün dünyadakı insanların ürəyini fəth edib. Açılışı yalnız stadiondakı insanlar deyil, 4 qitədən 55 ölkənin vətəndaşı izlədi. Yarışlar artıq bir neçə gündür başlasa da, bu gün ilk dəfə medallar təqdim olunacaq. Bizi qarşıda çox maraqlı mübarizələr gözləyir”.

O, Liviya, Sudan və Küveytin İslamiadaya qatılmamalarına da toxunub: "Liviya maliyyə çətinlikləri ilə əlaqədar Azərbaycana gələ bilməyib. Sudanın gəlməməsinin səbəbləri məlum deyil. Onların Olimpiya Komitəsi ilə danışmalıyıq. Küveytə gəlincə, onların idmançıları İHİF-nin bayrağı altında çıxış edə bilərdilər. Lakin son anda iştirak etmədilər”.

İslamiadanın Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Mark Honeybunn isə Azərbaycanın İslamiadaya ən böyük heyətlə qatıldığını vurğulamaqla yanaşı, bu gün bəzi idman növlərində medal mərasimlərinin olacağını xatırladıb: “Ən böyük idmançı heyət Azərbaycandadır. Onların sayı 400-dən çoxdur. Ən az sayda idmançı ilə hansı ölkənin qatılması barədə dəqiq məlumat yoxdur. Çünki son həftədə bununla bağlı dəyişikliklər oldu. İdman yarışlarında əsasən finallar önəmlidir. Bu gün 6 idman növündə medallar təqdim olunacaq. Böyük həvəslə başlayırıq”.

Qeyd edək ki, İslamiadanın açılış mərasimi mayın 12-də Bakı Olimpiya Stadionunda keçirilib.

scroll top