» » » Rafael Ağayev: “Əlim qırıq olsaydı belə, o bayrağı tutacaqdım”

Rafael Ağayev: “Əlim qırıq olsaydı belə, o bayrağı tutacaqdım”

“Hər bir idmançının özündən çox şey asılıdır. Qalib olmaq olar, lakin əsas məsələ titulu qorumaqdır. İslamiadada həm karatedə, həm də digər idman növlərində qızıllarımızın sayı çoxdur. Fürsətdən istifadə edib, medal qazan idmançılarımızı təbrik edirəm”.

“Report”un məlumatına görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazan Azərbaycan karateçisi Rafael Ağayev deyib.

O bildirib ki, bütün qələbələrə önəm verir. 75 kq. çəki dərəcəsində mübarizə aparan karateçi uğurun arxasında ağır məşqlərin dayandığını qeyd edib:

“İstər respublika birinciliyi olsun, istərsə də, Avropa və ya dünya çempionatı, fərqi yoxdur. Çünki hər bir medal üçün tər tökürsən, əziyyət çəkirsən, ciddi zədələrlə üzləşirsən. Elə şeylər var ki, pərdə arxasındadır, onları siz görməyirsiniz. Himnimizin səslənməyi və bayrağımızın yüksəlməyi əvəzsiz hissdir”.

İslamiadada Azərbaycanın bayraqdarı olan R.Ağayev bundan qürur duyduğunu bildirib:

"Bayraqdar olacağımı ilk dəfə eşidəndə çox sevindim. Bu, mənim üçün böyük şərəfdir. Əlim qırıq olsaydı belə, o bayrağı tutacaqdım. Bayraqdar olmaq hər bir idmançıya nəsib olmur. Nə qədər bu idmanda varam, Vətənimə qızıl medallar qazandırmağa çalışacağam".

Dünya karatesinin tanınmış simalarından olan idmançı “peşəkar idmançı karyeranızı nə zaman başa vurmağı düşünürsünüz?” sualına bu cür cavab verib:

“Karyeranın başlanması və bitməsi ilə bağlı heç kim dəqiq bir söz deyə bilməz. Bu, insanın gücündən asılıdır. Hazırda 32 yaşım var. 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarını düşünürəm. Orada nəinki iştirak etmək, qızıl medalla Vətənə dönməyə çalışacağam”.

scroll top