» » » Sergey Karyakin: "Dohadakı blits-turnirə məni Şəhriyar Məmmədyarov hazırlaşdırıb" - MÜSAHİBƏ

Sergey Karyakin: "Dohadakı blits-turnirə məni Şəhriyar Məmmədyarov hazırlaşdırıb" - MÜSAHİBƏ

Moskva. 16 may. Şahmat üzrə dünya vitse-çempion Sergey Karyakinin ucarliyiq.biz agentliyinə eksklüziv müsahibəsi:

- Siz şahmat üzrə Bakı Kubokunun qalibisiniz. Sizin üçün bu qələbə nə dərəcədə vacibdir?

- Mən tez-tez Bakıda oluram. Şəhər demək olar, gözümün qarşısında dəyişir. Bakı bulvarında gəzməyi çox sevirəm. 2015-ci ildə Dünya Kubokunda iştirak etdiyim zaman hər axşam 2-3 saat bulvarda gəzirdim. Təmiz dəniz havası, yaşıllıqların gözəllikləri və sərbəst ab-hava mənə hər dəfə çətin oyundan sonra bir növ özümü boşaltmağa imkan verirdi. Məncə, bu gəzintilər sayəsində formamı qoruya bildim və yekunda birinci yeri tutdum. Bu, ən böyük və qiymətli qələbələrimdən biridir.

- Keçən il dünya çempionu olmağınıza çox az qalmışdı. Bu ad uğrunda mübarizəyə davam edəcəksiniz?

- Dünya çempionu adı uğrunda namizədlərin final matçında yüksəlməyim böyük şərəf idi. Şahmat tarixi ərzində bunu çox az sayda insan bacarıb. Təəssüf ki, sonda nəsə - bəlkə təcrübə, bəlkə də başqa bir şey çatmadı.

Hər halda, hazırkı dünya çempionu Maqnus Karlsenə qarşı layiqli oyun sərgilədiyimi düşünürəm. Mən klassik şahmatda ona uduzmadım, yalnız vaxt qısaldılmış partiyalarda geri düşdüm. Bu il yenidən finala çıxmaq uğrunda mübarizə aparacağam. Finalda isə idman xoşbəxtliyinin kimin üzünə güləcəyini görərik.

- Final matçında sürətli şahmat üzrə dünya çempionuna məğlub oldunuz. Amma sonra Dohada Karlsenin də iştirak etdiyi blits-turnirin qalibi oldunuz. Bu uyğunsuzluğu necə izah etmək olar?

- Deməli, finaldakı məğlubiyyətimdən düzgün nəticəyə çıxarmışam. Bəzən sürətli şahmat oynayıram. Yeri gəlmişkən, Dohadakı blits-turnirə məni Şəhriyar Məmmədyarov hazırlaşdırıb. O, çox güclü blits oyunçusudur. Çoxlu sayda məşq partiyaları oynadıq, müxtəlif vəziyyətlərfən çıxış yollarını müzakirə etdik, yeni ideyaları təhlil etdik. Partiylar məşq xarakterli olsa da, heç kim güzəştə getmirdi. Bunun nəticəsini də özünüz görürsünüz: blits üzrə dünya çempionu oldum.

- Bu yaxınlarda Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr edilən növbəti superturnir başa çatdı. Oradakı çıxışınızı necə qiymətləndirirsiniz və gələcəkdə turniri qazanmağa cəhd edəcəksiniz?

- Bu tirnir mənim üçün nəsə heç vaxt uğurlu alınmır. Birincisi, ona görə ki, Şəmkirə planetin ən güclü şahmatçıları toplaşır. Bu turnirdə qələbə qazanmaq növbəti il üçün hədəflərimdən biridir. Gələn il də iştirak etmək üçün turnirin təşkilatçılarından dəvət alacağıma ümid edirəm. Amma ona qədər hələ çox vaxt var. Hələliksə qarşıdan gələn turnirlərə hazırlaşıram.

- Azərbaycanda idmana, o cümlədən də şahmata dövlət qayğısını, dəstəyini necə qiymətləndirirsiniz?

- Azərbaycanda idmana diqqət həqiqətən başqaları üçün yaxşı nümunədir. Azərbaycanda hər il böyük idman tədbirlərinin keçirildiyini görürük: Birinci Avropa Oyunları, İslamiada, Dünya Şahmat Kuboku və s.

Azərbaycanda şahmatın dövlət səviyyəsində dəstəklənməsi çox gözəldir. Bu, yeni gənc istedadların üzə çıxmasına yardım edir. Yeni, gənc istedadlar olan kimi dövlət onları öz himayəsi altına alır. Onlardan yeni dünya çempionlarının yetişəcəyi tam mümkündür.

scroll top