» » » Elçin İsmayılov: "Qadın cüdoçularımızın İslamiadada uğurla çıxış edəcəklərinə inanırdım" - MÜSAHİBƏ

Elçin İsmayılov: "Qadın cüdoçularımızın İslamiadada uğurla çıxış edəcəklərinə inanırdım" - MÜSAHİBƏ

Azərbaycanın cüdoçu qadınlardan ibarət milli komandasının baş məşqçisi Elçin İsmayılovun ucarliyiq.biza müsahibəsi

- Rəhbərlik etdiyiniz komandanın üzvləri İslamiadada 1 qızıl, 5 gümüş, eləcə də, komanda yarışında gümüş medal qazandılar. Yetirmələrinizin çıxışını necə qiymətləndirirsiniz?

- Üç aydır yığmadayam, cüdoçularımızdakı böyük həvəsi görürdüm. Onların uğurla çıxış edəcəklərinə inanırdım. Ümidlərimizi doğrultdular. Hamısını təbrik edirəm. Qarşıda bizi Macarıstanda keçiriləcək dünya çempionatı gözləyir. Orada da yaxşı çıxış etməyə çalışacağıq.

- Yığmaya yeni cəlb olunmuş əcnəbi cüdoçuların çıxışından razı qaldınız?

- Bəli. Düzdür, daha yaxşı nəticə gözləyirdik. Lakin bir az gərginlik oldu. Onların gəlişindən sonra yarışa az müddət qalmışdı. Uyğunlaşmaları üçün vaxt lazımdır. Ancaq gələcək üçün ümidlərimiz böyükdür.

- Onların arasında İslamiadada yaxşı təsir bağışlamadığı üçün əməkdaşlığı davam etdirməmək istədiyiniz var?

- Xeyr, elə bir şey yoxdur. Hiss olunur, ki növbəti yarışlara daha yaxşı hazır olacaqlar. Nəticə verəcəklərinə yüz faiz əminəm.

- Karyerasını bitirən Kifayət Qasımova fikrini dəyişərək İslamiadaya qatıldı və gümüş medal əldə etdi. Bundan sonra necə olacaq?

- Məncə, o, daha heç bir yarışda iştirak etmək istəmir.

- Onun yığmaya köməkçi-məşqçi kimi cəlb oluması mümkündür?

- Bunu zaman göstərəcək.

- Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov bildirib ki, qadınlardan ibarət cüdo yığmasında həll olunası problemlər var...

- O, rəhbərimizdir, hər şeyi gözəl bilir. Bizə hər cür şərait yaradılıb. Bunun qarşılığını vermək üçün çalışmalıyıq.

scroll top