» » » Azad Rəhimov: “Rusiyanın İslamiadaya dəvət alması üçün sadə bir sorğu göndərməsi kifayətdir”

Azad Rəhimov: “Rusiyanın İslamiadaya dəvət alması üçün sadə bir sorğu göndərməsi kifayətdir”

Azad Rəhimov: “Rusiyanın İslamiadaya dəvət alması üçün sadə bir sorğu göndərməsi kifayətdir”
“Rusiya artıq İslam Konfransı Təşkilatında müşahidəçi funksiyasını yerinə yetirir. Ölkənizin I Avropa Oyunlarında olduğu kimi, İslam Həmrəyliyi Oyunlarına da dəvət alması üçün sadə bir sorğu göndərməsi kifayətdir, buna əminəm”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri, eyni zamanda “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov lenta.ru saytına müsahibəsində deyib.

Nazir bildirib ki, İslamiada Azərbaycan üçün turizmin inkişafı baxımından önəmli yarışdır. Onun sözlərinə görə, əcnəbi vətəndaşlar yarışı izləmək üçün Rusiya da daxil olmaqla, Avropa, Yaxın və Orta Şərq ölkələrindən Bakıya gəliblər.

A.Rəhimov İslamiadanın təşkili üçün Bakıda tikinti işlərinin aparılmadığını söyləyib. O, paytaxtdakı idman qurğularının hazırlandığını və modernləşdirildiyini qeyd edib: “İslamiada üçün nəsə tikməyə ehtiyac yox idi. Hamısı hazır və yaxşı vəziyyətdə idi. Yarışlar modernləşdirilmiş və Avropa Oyunlarından sınaqdan çıxan məkanlarda keçirilir. Bunlara misal olaraq, Bakı Olimpiya Stadionunu, Su İdman Sarayını, Bak Tennis Akademiyasını və Ağır Atletika Arenasını göstərə bilərəm”.

İslamiadanın simvolları - İncə və Cəsurdan da söz açan nazir onların azərbaycanlı və ingilis dizaynerlərin birgə işinin nəticəsi olduğunu deyib. “Qarabağ Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Atçılıq və xalçaçılıq da xalqımızın mənəviyyat simvoludur. Bunların hamısı İslamiadanın loqo və maskotlarında təcəssümünü tapıb. İnci zərif və gözəlliyi, Cəsur isə sarsılmazlıqa əzmkarlığı tərənnüm edir. Maskotlar azərbaycanlı və ingilis dizaynerlərin birgə işinin nəticəsidir”.

Qeyd edək ki, hazırda davam edən “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarına mayın 22-də yekun vurulacaq.

scroll top