» » » “Səbail” klubunun futbolçuları “Bayıl Arena”da məskunlaşacaqlar

“Səbail” klubunun futbolçuları “Bayıl Arena”da məskunlaşacaqlar


Futbol üzrə Azərbaycan Premyer Liqasının debütantı “Səbail” klubunun futbolçuları “Bayıl Arena”da məskunlaşacaqlar.

Bu barədə “Report”a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bunun üçün “Bayıl Arena”dakı ikimərtəbəli binaya daha bir mərtəbə əlavə olunub. Hazırda davam edən inşaat işlərinin 2017/2018 mövsümünün startına qədər yekunlaşması nəzərdə tutulub.

Qeyd edək ki, I divizionda debüt etdiyi mövsümdə ikinci yeri tutaraq elitaya vəsiqə qazanan “Səbail” eb oyunlarını “Bayıl Arena”da keçirir. Paytaxt təmsilçisi bundan sonra arenadan həm də baza kimi istifadə edəcək.

AFFA-nın nəzdində inşa olunmuş “Bayıl Arena“nın açılış mərasimi 2012-ci ilin avqust ayında keçirilib. Arenada dörd paltardəyişmə otağı mövcuddur və onların hər biri 25 geyim dolabı, 2 tualet, 7 duş və massaj masası ilə təchiz olunub. Stadionda həmçinin hər birində 6 geyim dolabı, 1 tualet və 1 duş olan 2 hakim otağı, dopinq otağı, həkim otağı, FİFA-UEFA otağı yaradılıb.

İdman qurğusu ümumilikdə 3200 nəfər azarkeş tutumuna malikdir. Onlardan 450 ədədi VİP oturacaqlardır. Əlillər üçün 9 yer və girişdə 4 ədəd turniket quraşdırılıb. Arenada həmçinin 3 “skybox” və 60 nəfərlik “VİP Lounge” mövcuddur.

Interesting facts scroll top