» » » “Yagelloniya”nın baş məşqçisi: “Qəbələ” böyük büdcəyə və yaxşı oyunçulara malikdir”

“Yagelloniya”nın baş məşqçisi: “Qəbələ” böyük büdcəyə və yaxşı oyunçulara malikdir”


“Bakıya Gürcüstan səfərimizlə oxşar marşrut üzrə hərəkət edəcəyik. Lakin bu dəfə məsafə bir qədər uzaqdır. Yolda yanacaq doldurmalı və təyyarədə əlavə vaxt keçirməli olacağıq”.

“Report”un məlumatına görə, bunu Polşanın “Yagelloniya” komandasının baş məşqçisi İreniuş Mamrot “Qəbələ” ilə səfərdə keçirəcəkləri Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu ərəfəsində poranny.pl saytına açıqlamasında deyib.

Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Batumi) klubunu mübarizədən kənarlaşdıran “Yagelloniya”nın 47 yaşlı baş məşqçisi bildirib ki, “Qəbələ” böyük büdcəyə və yaxşı oyunçulara malikdir: “Onlar yay transfer dövründə heyətlərinə 9 futbolçu cəlb ediblər. Lakin bu, yeni oyunçuların fərq yaradacaqları anlamına gəlmir. Bizim üçün onların hamısının “11-lik”fə yer alması yaxşı olardı. Çünki həmin futbolçulara uyğunlaşmaq üçün zaman lazımdır”.

Azərbaycan təmsilçisini yaxşı analiz etdiyini söyləyən İ.Mamrotun sözlərinə görə, rəqib yetərincə gücüldür: “Hazırda Azərbaycan çempionatında fasilə olsa da, “Qəbələ”nin Kiyev “Dinamo”su və “Ludoqorets”lə yoxlama matçlarının görüntülərini izləmişəm. Rəqib çox güclü kollektivə malikdir. İlk oyunumuzu səfərdə keçirsək də, “Qəbələ” bizi öz stadionunda deyil, Bakıda qəbul edəcək. Yəqin ki, paytaxtda azarkeşləri bir qədər azdır. Həmçinin, hər bir komanda ev oyunlarını keçirdiyi stadionla müqayisədə, digər arenalarda özünü tam əmin hiss etmir”.

Polşa təmsilçisinin baş məşqçisi bildirib ki, onlar üçün ən önəmlisi ilk qarşılaşmada müsbət nəticə əldə etməkdir: "Növbəti mərhələyə yüksəlmə şansını 50/50-yə qiymətləndirirəm. Düşünürəm ki, “Qəbələ” ilə mübarizə aparacaq durumdayıq”.

İ.Mamrot zədəli Pyotr Tomaşik, Rafael Qjib və Karol Sviderskinin Bakıya gəlməyəcəklərini diqqətə çatdırıb. O, digər zədəlilər Ziqmunt Qordon və Pşemislav Frankovskinin səfərə çıxmasının sual altında olduğunu vurğulayıb: “Frankovski gənclər arasında Avropa çempionatından zədəli dönüb. Ciddi xəsarət almasa da, ayağında ağrılar var. Hələlik fərdi məşq edir. İki həftədən sonra hazır olacaq”.

Baş məşqçi deyib ki, bu gün Bakıya gələcək “Yagelloniya” “Qəbələ” ilə matçdan dərhal sonra Belostoka deyil, Krakova dönəcək. Buna səbəb onun rəhbərlik etdiyi kollektivin iyulun 16-da ölkə çempionatının ilk turunda “Termalitsa” ilə səfər matçının olmasıdır.

Qeyd edək ki, iyulun 13-də “Bakcell Arena”da keçiriləcək “Qəbələ” – “Yagelloniya” görüşü saat 21:00-da başlayacaq.

Interesting facts scroll top