» » » "Qəbələ"nin kapitanı: "Hakim rəqibin qapısına penalti verməli idi"

"Qəbələ"nin kapitanı: "Hakim rəqibin qapısına penalti verməli idi"


"İlk oyunumuz idi. Komandaya yeni gələn futbolçuların adaptasiya problemi var. Xəttlər arasında əlaqə zəif idi. Bundan başqa, ikinci hissədə çox top itkilərinə yol verdik".

ucarliyiq.biz-in məlumatına görə, bunu "Qəbələ"nin kapitanı Cavid Hüseynov Bakıda Polşa "Yagelloniya"sı ilə 1:1 hesablı heç-heçə etdikləri Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündən sonra deyib.

Təcrübəli futbolçu bildirib ki, belə komandalarla oyunda top itirmək olmaz: "Rəqib əks-hücumda yaxşı oynayırdı. Onların da qol vəziyyətləri çox oldu. Çünki bizim başımız ikinci qolu vurmağa qarışmışdı. Belə olan halda da boşluqlar buraxırdıq. "Yagelloniya" güclü komandadır. İstəmirdik belə olsun. Qələbə qazanmaq istəyirdik, amma alınmadı. Biz ən doğru variantı seçmişdik. Müdafiəmiz dediyiniz futbolçuya qarşı heç də zəif oynamadı. Hücumda istədiyimiz kimi oynaya bilmədik. Tez-tez top itirirdik. Biz top itirəndə də rəqib əks hücuma keçirdi".

29 yaşlı yarımmüdafiəçi cavab oyununda qələbə qazanmağa çalışacaqlarını vurğulayıb: "Rəqibdən belə oyun gözləyirdik. Amma özümüzdən ilk hissədə belə zəif oyun gözləmirdik. Qol buraxandan sonra məyus olduq. Toparlana bilmədik. Amma ikinci hissəyə yaxşı başladıq. Top itkilərinə az yol versəydik, hər şey başqa cür olardı. Bununla belə, şanslar 50/50-yədir. Ruhdan düşmək olmaz. Düşünürəm ki, yaxşı olacaq".

Uzun fasilədən sonra avrokubok matçında oynadığını xatırladan Hüseynov əvvəlki hiss-həyəcanı yaşadığını və buna sevindiyini dilə gətirib: "Öz oyunuma yaxşı deməzdim, normal alındı. İkinci hissədə biz üstünlük əldə etmişdik. Rəqibin baş məşqçisi bunu hiss etdi və taktiki dəyişiklik etdi. Oyunçu dəyişiklikləri də öz sözünü dedi".

O, hakimin idarəçiliyi ilə bağlı da fikirlərini bölüşüb: "Özünüz də gördünüz. İlk yarıda hər şey yaxşı idi. Amma ikinci hissədə hakim bizi çox sıxdı. Sanki biz qonaq komandayıq, "Yagelloniya" meydan sahibi. Narazılıq edəndə sarı vərəqə verirdi. Belə vəziyyətlərdə hakimə təzyiq etməliyəm. Bu normaldır. Yersiz "foul"lar verir, penaltimizi vermir. Epizodun təkrarına baxacağıq. Amma mənə elə gəlirdi ki, bir epizodda rəqibin qapısına penalti verməlidi idi. Hara gedirik, bizi sıxırlar. Öz evimizdə oynayanda da yenə bizə qarşı bu cür münasibət olur".

Qeyd edək ki, cavab görüşü iyulun 20-də keçiriləcək.

Interesting facts scroll top