» » » Bu gün “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq

Bu gün “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq


Bu gün “Qarabağ” futbol komandası Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstan “Samtredia”sının qonağı olacaq.

“Report”un məlumatına görə, Samtredia şəhərinin eyni adlı təmsilçisinin ölkə çempionatında ev oyunlarını keçirdiyi Erosi Manqaladze stadionu UEFA tələblərinə cavab vermədiyindən görüş Tbilisidəki Boris Payçadze adına "Dinamo" arenasında baş tutacaq.

Ağdam komandası ötən həftə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk matçda rəqibini Əfran İsmayılov, Dino Ndlovu (2), Donald Gerryer və Migel Madeyranın qolları ilə 5:0 hesabı ilə məğlub etdiyi üçün cavab qarşılaşması formal xarakter daşıyır. Hər halda, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin bu üstünlüyü əldən verəcəyi inandırıcı görünmür.

Qeyd edək ki, “Qarabağ” “Samtredia” səddini keçəcəyi halda III təsnifat mərhələsində“Şerif” (Moldova) – “Kukesi” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Moldova təmsilçisi evdə keçirdiyi ilk oyunda rəqibini 1:0 hesabı ilə məğlub edib.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

18 iyul


21:00. “Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan)

İlk oyun – 0:5

Baş hakim: Srcan Yovanoviç

Yan xətt hakimləri: Uroş Stoykoviç, Milan Mixayloviç

Dördüncü hakim: Marko Popoviç (hakimlər briqadası Serbiyadandır)

Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)

UEFA nümayəndəsi: Pol Daniel Zaharya (Rumıniya)

Tbilisi. Boris Payçadze adına "Dinamo" stadionu

scroll top