» » » Azərbaycanın boks yığması dünya çempionatına hazırlığı davam etdirir

Azərbaycanın boks yığması dünya çempionatına hazırlığı davam etdirir


Kişi boksçulardan ibarət Azərbaycan yığması dünya çempionatına hazırlığı davam etdirir.

Azərbaycan Boks Federasiyasından “Report”a verilən məlumata görə, Leonid Loivskinin başçılıq etdiyi komanda təlim-məşq toplanışının ikinci hissəsini bu gün başa vurub.

Sabah isə hazırlığın son mərhələsinə start veriləcək.

Yığma məşqlərini əvvəlki 2 mərhələdə olduğu kimi, Boks Mərkəzində keçirəcək. Texniki-taktiki hazırlıqda mundiala qatılacaq Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) iştirak edəcəklər.

Dünya çempionatına lisenziya qazanan Abdulqadir Abdullayev (91 kq) isə toplanışdan kənar qalıb. Buna səbəb onun hazırlıqda zədələnməsidir. Abdullayevin müalicəsinə başlanılıb. Lakin onun zədə səbəbindən dünya çempionatına yollanması sual altına düşüb.

Üçüncü mərhələ başa çatdıqdan sonra yığma dünya çempionatının keçiriləcəyi Almaniyanın Hamburq şəhərinə yollanacaq.

Qeyd edək ki, avqustun 25-də start götürəcək mundial sentyabrın 3-də başa çatacaq.

scroll top