» » » Prosineçki: "Xorvatiyada da azarkeşlər hasara çıxır, səkilərin üstündə otururlar" - MÜSAHİBƏ

Prosineçki: "Xorvatiyada da azarkeşlər hasara çıxır, səkilərin üstündə otururlar" - MÜSAHİBƏ

Prosineçki: "Xorvatiyada da azarkeşlər hasara çıxır, səkilərin üstündə otururlar" - MÜSAHİBƏ
© Foto: Report.az

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Premyer Liqada IV turun "Sumqayıt" - "Neftçi" matçının fasiləsində ucarliyiq.biz-in suallarını cavablandırıb...


Oyunun ilk yarısı necə təsir bağışladı?


- İlk olaraq azarkeşlərin çoxluğunu qeyd etmək istərdim. Əsl futbol ab-havası yaşanır. Oyunda bu qədər azarkeş gördüyümə çox şad oldum. Oyuna gəldikdə, ilk hissədə "Sumqayıt"ın üstün olduğunu gördük. Komanda topu daha çox saxlayır, qol vəziyyətləri yaradırdı. Birinci hissə məhz "Sumqayıt"ın üstünlüyü ilə keçdi.


Azərbaycan kimi futbolu inkşafda olan bir ölkənin azarkeşlərinin stadionda oturmağa yer tapmaması, hasar arxasından izləmələri və səkilərdə əyləşməsi sizi narahat etmir? Xorvatiyada da belə hallar olurmu?


- Xorvatiyada da azarkeşlər hasara çıxırlar, səkilərin üstündə otururlar. Lakin yaxşı olardı ki, Sumqayıt kimi böyük şəhərdə azarkeşlər üçün bir əlavə tribuna da tiksinlər və hamı oturub rahat futbola baxsın. Çünki bura kifayət qədər azarkeş gəlir. Amma bu sualı mənə yox, başqa insanlara ünvanlayardınız.


Qayıdaq oyuna. Hazırda əsas məsələlərdən biri mərkəz müdafiəçisidir. "Sumqayıt"ın heyətində mərkəz müdafiəçisi görürsünüz? Var elə bir oyunçu?


- Bu sualda hansı oyunçunu nəzərdə tutursunuz?


Məsələn kapitan Vurğun Hüseynov...


- Bugünkü oyunda mən Vurğunu o səviyyədə görmürəm. 3 səhv etdi ki, az qalırdı "Neftçi" bu səhvlərin ikisindən qol vursun. Görək, gələcək üçün özünü necə göstərəcək. Biz həmin mövqe üçün oyunçu axtarırıq və gələcəkdə bunun Vurğun və ya digər futbolçu olacağına baxarıq. Uzun zamandır ki, həmin mövqe ilə bağlı problemimiz var.


Yəqin ki, növbəti oyunlarda da Bakıda olacaqsınız. Milli komanda üçün yeni və yerli futbolçuların çağırılması mümkündürmü?


- Bəli, Bakıda olacağam. Milli komanda hələ ki, yaxşı çıxış edir. Biz bilmirik ki, kim zədələnəcək, kim oynaya bilməyəcək. Bu baxımdan vaxtımız var və gözləməliyik. Qarşıda Çempionlar Liqasının oyunları var və ümid edirəm ki, heç kim zədələnməyəcək. Oktyabrın 1-də təlim-məşq toplanışlarımız başlayacaq. O vaxta qədər gözləyək.


"Neftçi"nin oyunu sizi narahat etmir? Baş məşqçiləri tez-tez dəyişir. Nəyə ehtiyac var bu komandada?


- Mən bu barədə nəsə deyə bilmərəm. Komandanın daxilində deyiləm və hansı problemin olduğunu deyə bilmirəm. Mən kənardan oyuna baxaraq qiymət verə bilərəm ki, necə çıxış edirlər. Komandada nəyin baş verdiyini, hansı problemin olduğunu demək üçün gərək bunun içində olasan. Ona görə də, mən nəsə deyə bilmərəm.


Bu dəqiqə əsas müzakirə mövzularından biri Rəşad Sadıqovun karyerası ilə bağlıdır. Prezident İlham Əliyev "Qarabağ"ı qəbul edəndə bu futbolçuya hələ oynamalı olduğunu bildirdi. Rəşad isə qışda futbolçu karyerası ilə bağlı qərar verəcəyini açıqlayıb. Bununla bağlı nə düşünürsünüz?


- Rəşad özü seçim etməlidir. Bunun üçün düşünməli və qərar verməlidir. Azərbaycan futbolu üçün Rəşadın zəhməti çox böyükdür, milli komandada yüzdən çox oyun keçirib. Bu baxımdan o, Azərbaycan futbolu üçün çox dəyərli biridir. Buna görə də, Rəşad özü fikirləşməli və qərarını verməlidir.


Xorvatiya millisindən təkliflər gəldiyi barədə versiyalar var. Ümumiyyətlə niyə indiyə qədər AFFA ilə müqavilənin uzadılıb-uzadılmayacağı barədə məsələlər müzakirə olunmur? Xorvatiya variantı nə qədər realdır?


- Hazırda Xorvatiya millisinin baş məşqçisi var və işini davam etdirir. İndiyə qədər AFFA tərəfindən bu barədə təklif gəlməyib.


Bəs təklif gəlsə?


- Bilmirəm. Gəlsə sizə deyərəm.


Belə fikirlər də var ki, artıq Azərbaycanda işləmək istəmirsiniz...


- Mən heç vaxt belə söz deməmişəm. Dekabr ayına kimi müqaviləm var. Ondan sonrasına baxarıq.


2020-ci ildə Bakıda keçiriləcək Avropa Çempionatına qədər bunu gözləyə bilərikmi?


- Bilmirəm. Belə sualları mənə verməyin.

Interesting facts scroll top