» » » Baş məşqçi: "Dünya çempionatında hakim ədalətsizliyi ilə üzləşdik"

Baş məşqçi: "Dünya çempionatında hakim ədalətsizliyi ilə üzləşdik"

Baş məşqçi: "Dünya çempionatında hakim ədalətsizliyi ilə üzləşdik"
© Awf-az

Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən yeniyetmələrin dünya çempionatında 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanmaqla komanda hesabında üçüncü olan Azərbaycanın sərbəst güləş yığması Bakıya qayıdıb.


“Report” xəbər verir ki, pəhləvanları Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Güləş Federasiyasının rəsmiləri, yığma komandanın məşqçiləri, idmançıların ailə üzvləri və KİV nümayəndələri qarşılayıb.


Yarış təəssüratlarını media nümayəndələri ilə bölüşən millinin böyük məşqçisi Əsgərxan Novruzov qazanılan nəticənin qənaətbəxş olduğunu bildirib: "Dörd finalçımız vardı. Ancaq onlardan biri çempion oldu. Digərləri son saniyələrdə qələbəni əldən verdilər. Heç vaxt hakim ədalətsizliyi barədə danışmamışam. Ancaq bu dəfə həqiqətən 58 kq çəki dərəcəsinin finalında hakim ədalətsizliyi ilə üzləşdik. Çempionların sayı artıq ola bilərdi. Komanda hesabında üçüncü yeri tutduq. Ümumi nəticəni qənaətbəxş saymaq olar".


Çempionata böyüklərdən ibarət yığma ilə birgə təlim-məşq toplanışlarında hazırlaşdıqlarını deyən Ə.Novruzov növbəti hədəflərinin 2018-ci ildə Argentinada keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yüksək nəticə qazanmaq olduğunu bildirib.


Çempionluq sevincini bölüşən Əlihəsən Əmirli növbəti hədəfinin yeniyetmələrin olimpiadasını qalib kimi başa vurmaqdan ibarət olduğunu bildirib: "Sevinirəm ki, Vətənimizin bayrağını qaldırıb, himnimizi səsləndirdim. Qarşıdakı yarışlarda da uğurla çıxış etmək istəyirəm. Növbəti hədəfim gələn il keçiriləcək olimpiadada qalib olmaqdır".


Qeyd edək ki, dünya çempionatında Əlihəsən Əmirli (42 kq) qızıl, Mahir Məmmədzadə (50 kq), Turan Bayramov (58 kq) və Davud İbrahimov (69 kq) gümüş medala yiyələnib. Bürünc medalı isə Hacımurad Hacıyev (63 kq) əldə edib. Ümumilikdə isə Azərbaycanın güləş yığmaları dünya çempionatını 3 qızıl, 5 gümüş və 2 bürünc medalla başa vurub. Yunan-Roma güləşi yarışlarında 1 qızıl və 2 gümüş, yeniyetmə qızların yarışında isə 1 qızıl və 1 bürünc medala qazanılıb.  

Interesting facts scroll top