» » » Bu gün “Gəncə Marafonu - 2017”də iştirak üçün qeydiyyat prosesinə yekun vurulacaq

Bu gün “Gəncə Marafonu - 2017”də iştirak üçün qeydiyyat prosesinə yekun vurulacaq


Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunacaq “Gəncə Marafonu - 2017”də iştirak üçün qeydiyyat prosesi başa çataçaq.


“Report” layihənin rəsmi saytına istinadən xəbər verir ki, artıq “Azercell Telecom”un Bakı şəhərindəki ofislərində və "Regional İnkişaf” İctimai Birliyinin Şəmkir, Yevlax, Tərtər və Şəkidəki regional mərkəzlərində aparılan qeydiyyat prosesi yekunlaşıb.


Qeydiyyat sentyabrın 15-dək yalnız Gəncə şəhərində davam edəcək. Son məlumata görə, marafonda 7000-dən çox iştirakçı qeydiyyatdan keçib.


“Gəncə Marafonu - 2017”yə 16 yaşdan yuxarı hər kəs əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. Qeydiyyat hazırda Gəncə şəhərində aşağıdakı ünvanlarda aparılır:


1. Gəncə "ASAN xidmət" mərkəzində


2. Azərbaycan Dövlət Aqrar Universitetində


3. Gəncə Dövlət Universitetində


4. Azərbaycan Dövlət Texnologiya Universitetində


5. Gəncədəki “Gənclər evi”ndə


Qeyd edək ki, sentyabrın 17-də “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında ilk dəfə keçiriləcək “Gəncə Marafonu - 2017” Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur. Marafonun eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.


Regionda keçirilən ilk marafonda vəsaitlər Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən qarşılandığından fiziki şəxslər və korporativ yarışmaçılar iştirak üçün heç bir ödəniş etmir.


Marafon Gəncə şəhərində “Zəfər Tağı”ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.


Layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır.


“Gəncə Marafonu - 2017”nin mükafatlandırma mərasimi iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda mübarizə aparacaqlar.


Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 min, 2-ci yer 2 min, 3-cü yer isə isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.


Marafonla bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər, qeydiyyat prosesi barədə ətraflı məlumat “Gəncə Marafonu - 2017”nin rəsmi feysbuk səhifəsi - facebook.com/ganjamarathon və www.ganja.marathon.az saytında təqdim olunur.


“Gəncə Marafonu - 2017” ilə əlaqədar məlumat mərkəzi də fəaliyyət göstərir. Marafon iştirakçıları və tədbirlə maraqlananlar (012) 310 13 31 nömrəsi ilə əlaqə saxlayaraq suallarını ünvanlaya bilərlər.


Xatırladaq ki, bu vaxtadək Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016 və 2017-ci illərdə Bakıda “Küləyə qalib gəl!” şüarı altında “Bakı Marafonu” təşkil olunub. Ardıcıl olaraq keçirilən marafonlara ümumilikdə Azərbaycandan və digər ölkələrdən 20 mindən çox iştirakçı qoşulmuşdu. Marafon region sakinləri tərəfindən böyük maraqla qarşılandığından yarışın Gəncə şəhərində də keçirilməsinə qərara verilib.

Interesting facts scroll top