» » » Cavid Hüseynov: "Almaniyanın böyük fərqlə qələbə qazanmasına imkan verməməyə çalışacağıq"

Cavid Hüseynov: "Almaniyanın böyük fərqlə qələbə qazanmasına imkan verməməyə çalışacağıq"

Cavid Hüseynov: "Almaniyanın böyük fərqlə qələbə qazanmasına imkan verməməyə çalışacağıq"

"Rəqibimizin çox güclü komanda olduğu hamıya aydındır. Almaniya millisi qrupumuzun qalibi kimi final mərhələsinə vəsiqə qazanıb. Sadəcə, bir şeyi diqqətinizə çatdırmaq istərdim ki, ilk oyundan başlayaraq, heç bir rəqibdən qorxmamışıq, açıq futbol oynamışıq, mübarizə aparmışıq. Sabahkı oyunda da belə olacaq".


ucarliyiq.biz-in məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynov səfərdə Almaniya yığmasına qarşı keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçı barədə danışarkən deyib.


29 yaşlı yarımmüdafiəçinin fikrincə, 9 tur ərzində komandası istənilən qədər və potensialına uyğun xal toplaya bilməyib:


"Özümüzdən, komandamızdan bundan çoxunu gözləyirdik. Amma alınmadı. Çexiya ilə Bakıdakı oyunda da nəticə ürəkaçan olmadı. Bu məğlubiyyət bizi hardasa ruhdan saldı".


Hüseynov Almaniya millisinə qarşı layiqli mübarizə aparmaq istədiklərini söyləyib: "Qorxaq futbol olmayacaq. Nəticənin yaxşı olması üçün uşaqların əllərindən gələni edəcəklərinə inanıram. Böyük fərqlə Almaniya yığmasının qələbə qazanacağına dair fikirlər səsləndirilir. Çalışacağıq ki, buna imkan verməyək".


Təcrübəli oyunçu jurnalist Rasim Əliyevin döyülərək öldürüldüyü hadisənin baş verməsində şübhəli bilinərək, həbsdə olduğu və azadlığa çıxdıqdan bir il sonra Almaniya Futbol İttifaqının prezidenti Reynhard Qrindelin səsləndirdiyi fikirlərə də münasibət bildirib. Qrindelin Hüseynov işinə aydınlıq gətirilməsi istəyinə futbolçunun reaksiyası belə olub:


"Bilmirəm nəyə görə bu məsələyə toxunub və mənim məsələm müzakirə olunub. Mən peşəkar futbolçuyam, öz işimlə məşğulam. Həyat mənə ikinci şansı verirsə, öz sevdiyim peşəmlə məşğul olmalıyam. Bir daha belə şeydə adımın hallanmasına zəmin yaratmaram. Bu barədə əlavə nə isə deməyə ehtiyac yoxdur".


Oktyabrın 8-də Kayzerslauterndəki "Firts Valter" stadionunda keçiriləcək Almaniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

scroll top