» » » Daha 2 ölkə yığması dünya çempionatına vəsiqə qazanıb

Daha 2 ölkə yığması dünya çempionatına vəsiqə qazanıb


Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində X turun daha 9 görüşü keçirilib.


ucarliyiq.biz-in məlumatına görə, son turun ikinci oyun günündə D, G və İ qruplarında üst-üstə 9 matç baş tutub.


G qrupunda İspaniyanın qrup qalibi kimi final mərhələsinə, İtaliyanın isə ikinci pilləni tutaraq, "play-off"a vəsiqə qazandığı dəqiqləşdiyindən, hər 3 matç formal xarakter daşıyıb. "Qarabağ"ın futbolçusu Ansi Aqollinin 90 dəqiqə ərzində kapitan sarğısını daşıdığı görüşdə Albaniya millisi evdə İtaliyaya uduzsa da, 3-cü pillədəki yerini qoruyub. Bu, İsrailin İspaniyaya eyni hesabla məğlubiyyətindən sonra dəqiqləşib. Makedoniya isə Lixtenşteyni darmadağın edərək, seçmə mərhələnin qapısını möhkəm çırpıb.


Əsas mübarizə digər 2 qrupda gedib. D qrupunun lideri Serbiya birbaşa vəsiqəyə evdə Gürcüstanı minimal hesabla yenərək, sahib çıxıb. Əvəzində Uels 2-ci pilləni eyni hesabla uduzduğu İrlandiyaya verib. Qrupun daha bir görüşündə Avstriya Moldovaya 1 qolla qalib gəlib.


İ qrupunda ilk 3 pillənin sahibləri arasında liderlik savaşı gedib. Ötən tur İslandiya millisi səfərdə Türkiyə üzərində vacib qələbə qazandıqdan sonra evdə Kosovonu da yenməyi bacarıb və dünya çempionatına birbaşa vəsiqə əldə edib. Günün mərkəzi qarşılaşması sayılan Ukrayna - Xorvatiya matçında isə qonaqlar qələbə qazanıb. Robert Prosineçkinin həmyerliləri 2 cavabsız topla "play-off"a yüksəliblər. Finlandiya - Türkiyə matçında isə tərəflər hərəyə 2 dəfə fərqləniblər.


Serbiya və İslandiyanın sayəsində dünya çempionatına vəsiqə qazanan ölkələrin sayı 17-yə çatıb.


Dünya çempionatı


Seçmə mərhələ, X tur


D qrupu


Serbiya - Gürcüstan - 1:0


Qol: Aleksandar Priyoviç, 74


Uels - İrlandiya - 0:1


Qol: Ceyms MakKlin, 57


Moldova - Avstriya - 0:1


Qol: Luis Şaub, 69


Qırmızı vərəqə: Artur İonitsa, 55 (Moldova)


Xal durumu: Serbiya - 21, İrlandiya - 19, Uels - 17, Avstriya - 15, Gürcüstan - 5, Moldova - 2.


G qrupu


İsrail - İspaniya - 0:1


Qol: Asier İllarramendi, 76


Albaniya - İtaliya - 0:1


Qol: Antonio Kandreva, 73


Makedoniya - Lixtenşteyn - 4:0


Qollar: Visar Musliu, 36. Aleksandar Traykovski, 39. Enis Bardi, 66. Ariyan Ademi, 68


Xal durumu: İspaniya - 28, İtaliya - 23, Albaniya - 13, İsrail - 12, Makedoniya - 11, Lixtenşteyn - 0.


İ qrupu


Ukrayna - Xorvatiya - 0:2


Qollar: Andrey Kramariç, 62; 70


İslandiya - Kosovo - 2:0


Qollar: Gilfi Siqurdsson, 40. Yohann Qudmundsson, 68


Finlandiya - Türkiyə - 2:2


Qollar: Paulus Arajuuri, 76. Yoel Pohyanpolo, 88 - Cenk Tosun, 57; 83


Xal durumu: İslandiya - 22, Xorvatiya - 20, Ukrayna - 17, Türkiyə - 15, Finlandiya - 9, Kosovo - 1.

scroll top