» » » DÇ-2018-in püşkatma mərasimi üçün birinci səbətin tərkibi müəyyənləşib

DÇ-2018-in püşkatma mərasimi üçün birinci səbətin tərkibi müəyyənləşib


Futbol üzrə 2018-ci il dünya çempionatının final mərhələsinin püşkatma mərasimi üçün birinci səbətin tərkibi müəyyənləşib.


ucarliyiq.biz-in məlumatına görə, bunlar təşkilatçı ölkə kimi Rusiya ilə yanaşı, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa və Fransadır. Bu komandalar mundialın qrup mərhələsində bir-biri ilə oynamayacaqlar.


İkinci səbətə İspaniya, İngiltərə, Kolumbiya, Meksika və Uruqvayın düşəcəyi dəqiqdir. Qalan 3 komanda noyabrda təşkil olunacaq "pley-off" qarşılaşmalarından sonra müəyyənləşəcək.


Hələlik 23 ölkə dünya çempionatına vəsiqəni təmin edib. Püşkatma mərasimi dekabrın 1-də Kremldə keçiriləcək. Oyunlar isə gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Soçi, Nijni-Novqorod, Samara, Volqoqrad, Rostov, Kalininqrad, Yekaterinburq və Saransk şəhərlərində təşkil olunacaq.


Qeyd edək ki, püşkatma üçün səbətlərin tərkibi müəyyənləşdirilərkən, FİFA-nın oktyabr reytinqi nəzərə alınacaq. Reytinqin tərtib olunması üçün lazımi oyunların hamısı artıq keçirilib.

scroll top