» » » FİDE Azərbaycandan maliyyə yardımı istəyib

FİDE Azərbaycandan maliyyə yardımı istəyib


“Yaxın vaxtlarda Azərbaycanın şahmat üzrə böyük turnirlərə ev sahibliyi etməsi gözlənilmir. Belə bir razılaşma yoxdur”. 


Bunu “Report”a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov deyib. O bildirib ki, Beynəlxalq Şahmat Federasiyası (FİDE) Azərbaycanın şahmat turnirlərinə ev sahibliyi etməsində və maliyyə yardımı göstərməsində maraqlıdır. Federasiya rəsmisinin sözlərinə görə, hələlik AŞF-nin FİDE-nin istəklərinə müsbət cavab vermək niyyəti yoxdur: “FİDE istəyir ki, Berlində keçiriləcək İddiaçılar Turnirinə qatılaq, öz namizədimizi verək və yarışa maliyyə yardımı edək. Həmin yardımın məbləği artıq müəyyənləşib. Lakin hələlik bunu etmək fikrində deyilik. Almaniya millisinin layiqli nümayəndəsi olmadığı üçün həmin vəsaiti onlar ödəmirlər. Arkadi Naydiç vardı, o da artıq 4 ildir Azərbaycan millisində çıxış edir. Naydiç hazırda Antalyada keçirilən klublararası Avropa çempionatında “Odlar Yurdu”nun heyətində birinci lövhədə mübarizə aparır". 


M.Məmmədov bildirib ki, FİDE İddiaçılar Turnirində bir yeri hərraca qoyub: "Yarışa 2700-dən çox reytinq xalı olan şahmatçılardan biri qatıla bilər ki, bunun da müəyyən maliyyə yükü var. Amma Qran-pri seriyaları yekunlaşanadək belə bir niyyətimiz yoxdur". 


AŞF rəsmisinin sözlərinə görə, FİDE Azərbaycanın qadınlar arasında Qran-pri təşkil etməsini də istəyir. Lakin bununla bağlı da heç bir fikir və razılaşma mövcud deyil. 


Vitse-prezident deyib ki, hazırda Azərbaycan şahmatçılarından Teymur Rəcəbovun İddiaçılar Turnirinə vəsiqə şansı böyükdür. Bunun üçün 15- 26 noyabrda İspaniyanın Palma de Malyorka şəhərində keçiriləcək FİDE Qran-prisində ilk “üçlüy”ə düşmək yetərlidir. O, Azərbaycanın digər qrossmeysteri Şəhriyar Məmmədyarovun da vəsiqə şansını saxladığını qeyd edib. 


M.Məmmmədov latviyalı qrossmeyster Arkadi Naydiçin Azərbaycan yığmasındakı perspektivinə də toxunub. O deyib ki, 32 yaşlı şahmatçı hazırkı durumundan məmnundur: “Naydiç Azərbaycanda özünü çox yaxşı hiss edir. İstedadlı şahmatçıdır, yığma üzvləri ilə münasibərləri yaxşıdır. Bizə son lövhələri gücləndirmək lazım idi və bunu da etdik. Düzdür, onunla elə bir uğurumuz yoxdur, amma inanıram ki, nailiyyətlər olacaq”. 


Vitse-prezident Şəhriyar Məmmədyarovun “Odlar Yurdu” klubundan ayrılaraq, Rusiya təmsilçisi “Qlobus”un şərəfini qorumasına da münasibət bildirib. M.Məmmədov bunun 32 yaşlı şahmatçının öz seçimi olduğunu deyib: “Komandadan heç kim dağılmayıb. Şəhriyar müraciət etdi, “Qlobus” klubunda çıxış etmək istədiyini bildiridi. Biz də etiraz etmədik. Teymur Rəcəbov isə İspaniyada keçiriləcək Qran-priyə hazırlaşır”.

scroll top