» » » Arsen Venger: "Mustafinin Azərbaycanla oyunda meydana çıxacağına əmin deyildim"

Arsen Venger: "Mustafinin Azərbaycanla oyunda meydana çıxacağına əmin deyildim"


2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin son turunda Azərbaycan millisi ilə görüşdə zədələnən Almaniya yığmasının futbolçusu Şkodran Mustafi 4 - 6 həftə müddətinə yaşıl meydanlardan kənar qalacaq.


“Report-in mətbuatına görə, 25 yaşlı müdafiəçinin formasını geyindiyi İngiltərə “Arsenal”ının baş məşqçisi Arsen Venger açıqlama verib. O, bildirib ki, Mustafi yığma komandaların oyunları ilə bağlı yaranacaq növbəti fasilədə də Bundestimə kömək edə bilməyəcək. A.Venger müdafiəçinin oktyabrın 5-də Kayzerslautern şəhərində baş tutmuş oyunda zədələnəcəyini gözləmədiyini söyləyib: "Öncədən nəyisə təxmin etmək çətindir. Milli komandaların oyunları zamanı ən az onun zədələnəcəyini güman edirdim. Birincisi, Mustafinin meydana çıxacağına əmin deyildim. İkincisi isə Almaniya millisi artıq mundiala vəsiqəni təmin etmişdi. Bu səbəbdən, matçın gərgin keçməyəcəyini düşünürdüm. Şkodran Şimali İrlandiya ilə görüşdə yox, Azərbaycan yığmasına qarşı oynadı. Bu itkidən doğan problemin öhdəsindən gəlmək lazımdır”.


Qeyd edək ki, Almaniya millisi noyabrın 10-da İngiltərə millisi ilə yoldaşlıq görüşü keçirəcək. Şkodran Mustafinin “Uembli” stadionunda baş tutacaq matçla yanaşı, İngiltərə Premyer Liqasında “Uotford”, “Everton”, “Suonsi”, “Mançester Siti” və “Tottenhem”ə qarşı oyunları da buraxacağı proqnozlaşdırılır. Mustafi Azərbaycanla görüşün 34-cü dəqiqəsində Ramil Şeydayevin qol vurduğu epizoddan əvvəl topa tərəf qaçarkən, baldır əzələsindən zədələnib. 

scroll top