» » » BƏƏ-nin Federal Milli Şurasında Azərbaycan parlamenti ilə dostluq qrupu yaradılacaq

BƏƏ-nin Federal Milli Şurasında Azərbaycan parlamenti ilə dostluq qrupu yaradılacaq

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərdəki (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin Federal Milli Şurasının sədri Amal əl Qubaisi ilə görüşüb.

Səfirlikdən ucarliyiq.biza verilən məlumata görə, D.Şikarov Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədovun adından Amal əl Qubaisini salamlayaraq, Azərbaycan barədə məlumat verib.

İki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasına baxmayaraq, parlamentlərarası təmasların elə də intensiv olmadığını deyən səfir Azərbaycan tərəfinin bu münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu, Milli Məclisdə BƏƏ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun fəaliyyət göstərdiyini, BƏƏ Federal Milli Şurasında da belə bir qrupun yaradılmasının arzu olunduğunu bildirib.

D.Şikarov Azərbaycanın əldə etdiyi yüksək iqtisadi inkişaf, həyata keçirilən nəhəng enerji, nəqliyyat və infrastruktur layihələri barədə danışaraq, bu layihələrin, həmçinin ölkədə təşkil olunan müxtəlif iqtisadi, humanitar, idman və mədəniyyət tədbirlərinin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılmasına töhfə verdiyini bildirib. Bu kontekstdə o, bu ilin mayın 12-dən 22-dək Azərbaycanda IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini, BƏƏ rəsmilərinin bu oyunlarda iştirakının arzu olunduğunu bildirərək, Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən Amal əl Qubaisiyə ünvanlanmış dəvət məktubunun surətini təqdim edib.

Səfir Dağlıq Qarabağ münaqişəsi barədə də Amal əl Qubaisiyə məlumat verərək, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, işğal olunmuş torpaqlarda İslam irsinə zərər vurulduğu, bu torpaqlarda qeyri-qanuni iqtisadi fəaliyyətin davam etdirliyi barədə danışıb.

Amal əl Qubaisi öz növbəsində BƏƏ tərəfinin də Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. O, rəhbərlik etdiyi Federal Milli Şurada Azərbaycan parlamenti ilə əməkdaşlıq üzrə dostluq qrupunun yaradılması məsələsinə baxılacağını, parlamentlər arası əməkdaşlığın hüquqi əsasının yaradılmasının arzu olunduğunu deyib. Şura sədri bu məqsədlə iki ölkənin parlamentləri arasında əməkdaşlıq üzrə anlaşma memorandumu layihəsinin göndəriləcəyini də əlavə edib.

Azərbaycana səfət etmək barədə dəvətə görə təşəkkürünü bildirən BƏƏ-nin parlament sədri, ilk fürsətdə Azərbaycana səfər imkanının müsbət dəyərləndiriləcəyini vurğulayıb.

Interesting facts scroll top