» » » Deputat: "Müəllimin şagirdi döyməsi yolverilməzdir"

Deputat: "Müəllimin şagirdi döyməsi yolverilməzdir"

“Orta məktəblərin yaxınlığında reklamlar yerləşdilirdi. Dəftər və qələmlərin üzərində də reklamlar əks olunurdu. Hətta cizgi filmləri nümayiş olunarkən fasilələrlə reklamlar verilirdi. Bunların hamısına qadağa qoyuldu”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Aqiyə Naxçıvanlı “Uşaq hüquqları haqqında” qanununa dəyişiklik layihəsi müzakirə edilərkən deyib.

O bildirib ki, hazırda bu sahədə çox ciddi nəzarət var.

Deputat Dilarə Cəbrayılova isə çıxışında deyib ki, dərs vəsaitlərində reklamların olması uşaqları dərsdən yayındırır: “Bu cür reklamlara qadağa qoyulsa da, hələ də bu cür hallar baş verir. Bu, bizi narahat etməyə bilməz. Məktəb ətrafında reklamların yığışdırılması doğru qərardır. Bu, uşaqların müdafiəsi baxımından çox önəmlidir”.

Milli Məclisin deputat Astan Şahverdiyev bildirib ki, uşaqlara nifrət aşılana bilməz: “Ermənistanda uşaqlara nifrət aşılanır”.

Deputat şagirdlərin məktəblərdə müəllimləri tərəfindən döyülməsinə də toxunub: “Bəzən görürük ki, hansısa şagird müəllimi tərəfindən döyülüb. Bu cür hallar yolverilməzdir. Düzdür, cəza tədbirləri görülür. Amma hər uşaq, valideyn şikayət edə bilmir axı. Ona görə də uşaqları qorumaq lazımdır”.

Deputat Tahir Rzayev də çıxışında ictimai nəqliyyat vasitələrində yerləşdirilən reklamlardan şikayətlənib: “Avtobusdakı reklama nəzarət etmək lazımdır. Bəzən elə açıq-saçıq reklamlar yerləşdirirlər ki... Həmin uşaqlar da o avtobusdan istifadə etdiyinə görə onlara zərərlidir”.

Qanun layihəsinin müzakirəsi davam etdirilib.

Interesting facts scroll top