» » » Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Polşada qeyd edilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Polşada qeyd edilib

Varşava. 9 may. Azərbaycanın Polşadakı Səfirliyinin təşkilatçılığı ilə bu ölkənin ilk paytaxtı Qnejno şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilib.

Azərbaycanın Polşadakı Səfirliyindən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, tədbir şəhərin mərkəzi parkında səfirlik tərəfindən Azərbaycan və Polşa arasında münasibətlərin qurulmasının 540 illiyi münasibətilə ucaldılmış abidənin önündə təşkil edilib. Qeyd edək ki, abidənin üzərində ulu öndər H. Əliyevin Polşa, Roma papası İkinci İoann Pavelin isə Azərbaycan haqqında söylədiyi fikirlər həkk olunub.

İlk olaraq abidə üzərinə əklil və çiçəklər qoyulub. Bundan sonra Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov çıxış edərək tədbir iştirakçılarına ulu öndər Heydər Əliyevin həyatı, ölkəmizin çiçəklənməsi, güclü, inkişaf etmiş dövlətə çevrilməsi istiqamətində fəaliyyəti barədə ətraflı məlumat verib. Diplomat ümummillin liderin Azərbaycan-Polşa münasibətlərinin inkişafına verdiyi töhfəni xüsusi qeyd edib.

Qnejno şəhər rəhbərliyinin nümayəndələri isə Azərbaycan və Polşa xalqlarının həyatında mühüm rol oynayan hər iki şəxsiyyətin fikirləri həkk edilmiş abidənin məhz Qnejno şəhərində ucadılmasından və Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü Qnejnoda qeyd edilməsindən qürur duyduqlarını vurğulayıblar. Daha sonra polşalı jurnalist Yatsek Pototski və Polşada fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Şurasının sədri Nail Məmmədzadə çıxış ediblər.

Tədbirdə Qnejno şəhər administrasiyasının rəhbərliyi, yerli ictimaiyyət nümayəndələri, Azərbaycan diasporunun üzvləri, Polşada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Polşanın “Decydent” internet saytında tədbir barədə geniş məqalə dərc edilib.

scroll top