» » » İordaniya Parlamentinin Nümayəndələr Palatasının sədri: "Azərbaycan beynəlxalq terrorçuluqla mübarizədə qətiyyətli mövqe tutur"

İordaniya Parlamentinin Nümayəndələr Palatasının sədri: "Azərbaycan beynəlxalq terrorçuluqla mübarizədə qətiyyətli mövqe tutur"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığı Parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif əl-Taravnehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

E.Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında müstəsna rolu barəsində danışaraq, Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyaya, İordaniya kralı II Abdullahın Bakıya səfərlərinin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi və genişlənməsi üçün yeni imkanlar üzə çıxardığını bildirib.

Siyasi əlaqələrin mövcud inkişafının ikitərəfli iqtisadi münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini bildirən E.Məmmədyarov bu xüsusda, ticarət, iqtisadiyyat və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətini xüsusi dəyərləndirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi barədə qonaqları məlumatlandıran nazir münaqişənin həlli üçün, BMT Təhlüksizlik Şurasının müvafiq qətnamələrində də tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğunu və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həll edilməli olduğunu diqqətə çatdırıb. E.Məmmədyarov həmçinin münaqişə ilə bağlı İordaniyanın tutduğu ədalətli mövqenin yüksək qiymətləndirildiyini qeyd edib.

XİN başçısı dövlətlərarası, eləcə də xalqlararası təmasların gücləndirilməsində parlament diplomatiyasının rolunun gündən-günə artdığını bildirib. O, 2013-cü ildə İordaniya Senatı tərəfindən Xocalı soyqırımı ilə bağlı bəyanatın qəbulunun mühüm əhəmiyyətə malik olduğunu deyib.

Atef Yusif Saleh əl-Taravneh İordaniya və Azərbaycan arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu və əlaqələrin irəlilədilməsi baxımından qarşılıqlı səfərlərin rolunu qeyd edib və turizm, sərmayələrin qoyuluşu və digər sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlər olduğunu əlavə edib.

O, Azərbaycanın beynəlxalq terrorçuluqla mübarizədə qətiyyətli mövqeyi ilə seçildiyini deyərək, Azərbaycan hökumətinin İslamın əsl dəyərlərinin dünyada təbliği və təşviqi istiqamətində gördüyü işlərin təqdirəlayiq hal olduğunu diqqətə çatdırdı.

Görüşdə həmçinin beynəlxalq və regional əhəmiyyətli məsələlər barəsində fikir mübadiləsi aparıldı.

Interesting facts scroll top