» » » İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

Azərbaycanın dəniz nəqliyyatı sahəsində tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinin pozulmasına görə cəzalar sərtləşdirilib.

ucarliyiq.biz-in xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Məcəllənin 315-ci "Dəniz nəqliyyatı sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinin pozulması" maddəsi yeni redaksiyada verilir.

Belə ki, dəniz limanının "Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə"də nəzərdə tutulan sənədlər olmadan fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər 3 yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.

"Dənizçilərin hazırlanması, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya"nın tələblərinə uyğun müvafiq sertifikata (diploma) malik olmayan şəxsin gəmidə həmin sertifikat tələb olunan işlərə buraxılmasına görə fiziki şəxslər 2 yüz manat, vəzifəli şəxslər 5 yüz manat məbləğində, hüquqi şəxslər 2 min manat cərimə olunacaq.

Bundan başqa, alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə heyət üzvünün gəmidə növbə çəkməsinə görə 3 yüz manat məbləğində cərimə nəzərdə tutulur.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

scroll top