» » » Norveç səfiri: "Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən insanlarla söhbətlər mənə çox pis təsir elədi" - MÜSAHİBƏ

Norveç səfiri: "Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən insanlarla söhbətlər mənə çox pis təsir elədi" - MÜSAHİBƏ

Norveçin Azərbaycandakı səfiri Bart İvar Svendsenin ucarliyiq.biz agentliyinə müsahibəsi:

- Cənab səfir, bu il ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur. Geriyə boylanarkən bu əlaqələrin inkişafını necə qiymətləndirirsiniz?

- Norveç Krallığı Azərbaycan Respublikasını müstəqilliyini bərpa etdikdən sonra tanıyıb. Hərtərəfli diplomatik əlaqələr 1992-ci ilin iyun ayından yaradılıb. İkitərəfli əlaqələr sürətlə inkişaf edib və 1996-cı ilin aprel ayında Azərbaycan Prezidenti Heydər Əliyev Norveçə rəsmi səfər edib. Norveç 1998-ci ilin iyun ayında Bakıda səfirlik açıb. Norveç Krallığının vəliəhdi Haakon 2011-ci ildə Bakıya səfər edib. Bundan əlavə, son bir neçə il ərzində bir neçə yüksək səviyyəli səfərlər həyata keçirilib.

Norveçin iri neft-qaz şirkəti "Statoil" 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanan zaman vacib beynəlxalq iştirakçılardan biri olub. Bu müqavilə Azərbaycanın neft-qaz sənayesinin gələcək inkişafında beynəlxalq şirkətlərin tamhüquqlu iştirakı üçün yol açıb. 20 ildən çoxdur "Statoil" bu sahədə ən böyük və əhəmiyyətli beynəlxalq iştirakçılardan biridir. "Mhwirth", FMC, "Enhanced Drilling", PTC və "Swire" kimi Norveçin tədarük sahəsinə aid şirkətlər də ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün səylər göstərib.

Neft və qaz hasil edən əsas ölkələrdən olan Norveç və Azərbaycan bir neçə ümumi problemləri bölüşürlər. Onların arasında bəlkə də ən əhəmiyyətlisi iqtisadiyyatın şaxələndirilməsidir. Hər iki ölkə gəlirlərini qorumaq üçün yeni və innovativ yolları öyrənir. Son illərdə alternativ enerji və enerji qorunması sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinin gücləndirilməsi üçün çox iş görülüb. TEKNA (Norwegian Society of GraduateTechnical and Scientific Professionals) və ENSI (Energy Saving International AS) kimi Norveç şirkətləri Azərbaycanda təmiz məhsul və enerjiyə qənaət üzrə bir sıra layihələr həyata keçiriblər.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Norveçin humanitar təşkilatları yardım göstərilməsində fəal rol oynayıblar. Norveç Qaçqınlar Şurası 1995-ci ildən 2008-ci ilə qədər Azərbaycanda məcburi köçkünlər və qaçqınlara yardım üçün səylər göstərib. İnfrastrukturun yaradılması, məşğulluq, insan haqları sahəsində təhsil və hüquqi xidmətlərin göstərilməsi sahəsində mühüm layihələr həyata keçirilib. Norveç Humanitar Müəssisəsi əhali gəlirlərinin artırılması, kənd təsərrüfatı, uşaq evləri ilə iş, eləcə də mədəniyyət sahəsində irəliləyiş əldə edilməsi məqsədilə 1994-cü ildə Azərbaycanda öz nümayəndəliyini açıb. Norveç Qızıl Xaç Cəmiyyəti 10 ildən çox müddətdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə məcburi köçkün və qaçqınlara dair müxtəlif sahələrdə əməkdaşlıq edib. Son 20 il ərzində Norveç şirkətlərinin, humanitar təşkilatlarının və QHT-lərinin Azərbaycandakı mühüm iştirakı iki ölkə arasındakı əlaqələrin gücləndirilməsinə gətirib çıxarıb. Xeyli sayda norveçli Azərbaycanda yaşayıb və onların çoxu burada özünə dost tapıb.

- Ölkələr arasında ticarət dövriyyəsinin səviyyəsi və onun tendensiyası necədir?

- Norveçin Azərbaycandakı investisiyaları həmişə substantiv olub. "Statoil" Azərbaycan bazarına daxil olandan sonra 6,5 milyard dollardan çox sərmayə yatırıb. Lakin ticarət dövriyyəsi aşağıdır. Ötən il bu rəqəm 150 milyon dollar təşkil edib, ancaq hazırda artan tendensiya müşahidə olunur.

- İkitərəfli əlaqələrin hansı sahələrində əməkdaşlıq üçün daha çox perspektiv görürsünüz?

- Alternativ və bərpa olunan enerji mənbələri böyük maraq kəsb edən sahələrdir və ümid edirəm ki, bu sahədə daha çox əməkdaşlıq olacaq. Bu, hər iki ölkənin marağındadır.

- Norveç və Azərbaycan öz tarixlərində oxşar xüsusiyyətlərə malikdirlər. Bunu dahi Norveç tədqiqatçısı Tur Heyerdal da təsdiq edib. Yaxın zamanlarda mədəniyyət sahəsində layihələr gözlənilirmi?

- Məşhur Norveç tədqiqatçısı Tur Heyerdal (1914-2002) Azərbaycanın yaxın dostu idi. Həyatda olduğu dövrdə T.Heyerdal elmi anlayışları şübhə altına salan bir sıra nəzəriyyələr irəli sürüb. Bəzi hallarda o, reallıqda qeyri-mümkün görünənləri təsdiq etmək üçün praktiki təcrübələr həyata keçirib. Məsələn, T.Heyerdal 1947-ci ildə kiçik heyətlə "Kon-Tiki" taxta qayığında Cənubi Amerikadan Polinezyaya gedərək Sakit okeanı keçib.

T.Heyerdal Azərbaycana 4 dəfə səfər edib. Qobustan qayaüstü rəsmləri onu heyran edib və tədqiqatçı onların üslubunun Norveçdəki qayaüstü rəsmlərə bənzədiyini müəyyənləşdirib. Azərbaycan ilə tanışlıqdan sonra T.Heyerdal norveçlilərin hazırda Azərbaycan ərazisi olan torpaqlardan gəldiyini fərziyyə kimi irəli sürüb. O, öz nəzəriyyəsini qədim inanclar, ənənəvi musiqi və sözlərdəki oxşarlıqla əsaslandırıb. O, insanların dəri örtüklü və süfrə kimi açılan qayıqlar vasitəsilə su yolu ilə Avropanın şimalına köç etdiyini güman edib. T.Heyerdalın Norveç və Azərbaycan arasında mümkün tarixi əlaqələrə güclü marağı memarlıq qazıntılarının və Şəki rayonunun Kiş kəndində kilsənin bərpa edilməsinin əsasını qoyub.

2006-cı ildə Azərbaycan Dillər Universiteti Oslo Universiteti və Aqder Universiteti ilə əməkdaşlıq şəklində Skandinaviyanın öyrənilməsi sahəsində yeni bakalavr proqramını reallaşdırmağa başlayıb. Bu gün təxminən 40 tələbə Norveç dilini, Skandinaviya tarixini, iqtisadiyyatını, siyasətini və ədəbiyyatını öyrənir. İlk tələbə qrupu 2010-cu ilin iyun ayında bakalavr dərəcəsi alıb. Onlar ölkələrimiz arasında mühüm əlaqələndirici halqalardır.

Son illərdə Norveç və Azərbaycan mədəni əlaqələrimizi gücləndirən bir sıra layihələr həyata keçirib. Tanınmış norveçli musiqiçilər - Aleksandr Rıbak və Elin Kaven Bakıda konsert verib. Azərbaycanın əfsanəvi muğam ifaçısı Alim Qasımov Osloda Dünya Musiqi Festivalında iştirak edib. Məşhur Norveç dirijoru Per Oddvar Hildre Azərbaycan Milli Konservatoriyası ilə sıx əməkdaşlıq edir. Norveç 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında geniş nümayəndə heyəti ilə təmsil olunub. Norveç şahmatçısı Maqnus Karlsen iki dəfə Şəmkir şahmat turnirini qazanıb.

2016-cı ilin fevral ayında istedadlı Azərbaycan rəssamı Bütünay Haqverdiyev Norveçin Azərbaycandakı səfirliyinin stipendiyası vasitəsilə Norveç ərazisi olan Svalbard (Şpitsbergen) arxipelaqını ziyarət edib. Norveç pianoçusu Tord Qustavsen ötən il Bakıda keçirilən Beynəlxalq Caz Festivalında iştirak edib və hazırda bu il baş tutacaq festivala Norveçdən nümayəndələr cəlb edilməsi yolları üzərində işləyir. Oslo Kamera Musiqi Akademiyasının on istedadlı musiqiçisi bu həftə Bakıda konsert verəcək. Biz mütəmadi olaraq Azərbaycanda Norveç kino festivalları təşkil edirik.

- Artıq üç ildir Norveçin Azərbaycandakı səfirisiniz. Ümumilikdə ölkə, Bakı haqqında təəssüratlarınız necədir? Bakı nə ilə yadda qalacaq?

- Azərbaycana gələn norveçlilərin hamısı azərbaycanlıların qonaqpərvərliyi və mərhəmətinə heyran qalır. Ölkə sakinləri zəngin kulinariya, musiqi, əl işləri və folklor mədəniyyəti ilə fəxr etmək hüququna malikdirlər. Son bir neçə il ərzində Bakı çox dəyişib. Azərbaycanın paytaxtı gözəldir, dinamikdir, qonaqlarına çox şey təklif edə bilər.

- Yuxarıda Norveçin qaçqın və məcburi köçkünlərə yardım etdiyini vurğuladınız. Bəs, Norveçin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir? Nizamlanma prosesinə necə yardım edə bilərsiniz?

- 3 il əvvəl Azərbaycana gələndən bəri məcburi köçkünlər üçün salınmış bir neçə qəsəbədə olmuşam. Həmçinin Bərdə və Tərtəri də ziyarət etmişəm. Orada münaqişənin çox sayda insanın həyatını viran etdiyini gördüm. Münaqişədən əziyyət çəkən insanlarla söhbətlər mənə çox pis təsir elədi. Norveç Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.

Interesting facts scroll top