» » » Mahmud Məmmədquliyev: "Azərbaycan Britaniya ilə qeyri-neft sektoru üzrə əməkdaşlığın inkişafında maraqlıdır"

Mahmud Məmmədquliyev: "Azərbaycan Britaniya ilə qeyri-neft sektoru üzrə əməkdaşlığın inkişafında maraqlıdır"


Bakıda Böyük Britaniya kraliçasının doğum gününə həsr olunmuş tədbir keçirilib.

ucarliyiq.biz xəbər verir ki, tədbiri açıq elan edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts iki ölkə arasında əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib.

Səfir xatırladıb ki, bu il Britaniya və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edir.

Öz növbəsində Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Britaniyanı bayram münasibəti ilə təbrik edib, krallığa uğurlar arzu edib.

Nazir müavini qeyd edib ki, Britaniya Azərbaycan üçün mühüm tərəfdaşdır və ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi energetika sahəsində əməkdaşlıqdır. O, xatırladıb ki, BP şirkəti Azərbaycanda bir sıra mühüm layihələr həyata keçirib.

M.Məmmədquliyevin sözlərinə görə, Britaniya şirkətləri Azərbaycan iqtisadiyyatına 23 milyard dollar vəsait yatırıb.

O, Azərbaycanın Böyük Britaniya ilə həm də qeyri-neft sektoru üzrə əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib.

M.Məmmədquliyev Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlığının inkişafında parlamentlərarası dostluq qrupunun, hökumətlərarası komissiyanın vacibliyini qeyd edib.

"Britaniya ölkələrin ərazi bütövlüyünə, beynəlxalq hüquq normalarına hörmət edir. Və Böyük Britaniyanın bu mövqeyi Azərbaycan üçün vacibdir", - deyə nazir müavini bildirib.

Tədbirdə, həmçinin Bakıda səfərdə olan "The Salamanca Band and Bugles of The Rifles" Britaniya hərbi orkestri çıxış edib.

Interesting facts scroll top