» » » Eldar İbrahimov: “Heydər Əliyevi öldürmək istəyənlər onu Bakıya çağırırdılar” - MÜSAHİBƏ

Eldar İbrahimov: “Heydər Əliyevi öldürmək istəyənlər onu Bakıya çağırırdılar” - MÜSAHİBƏ

Eldar İbrahimov: “Heydər Əliyevi öldürmək istəyənlər onu Bakıya çağırırdılar” - MÜSAHİBƏ
© Report.az

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin silahdaşı, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Eldar İbrahimovun ucarliyiq.biza müsahibəsi:

- Eldar müəllim, 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bu bayramın səbəbkarı ümummilli lider Heydər Əliyevi yaxından tanıyan bir insan kimi fikirlərinizi, xatirələrinizi oxucularımızla bölüşməyinizi istərdik. Heydər Əliyevlə ilk tanışlığınızı necə xatırlayırsınız?

- Ulu öndəri hələ 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi olarkən tanıyırdım. Gənc yaşlarımdan Heydər Əliyevi sevən insan olmuşam, danışığı, qabiliyyəti, işi, səliqəli geyimi məni gəncliyimdən onun pərəstişkarına çevirmişdi. 1980-83-cü illərdə vilayət partiya komitəsində təlimatçı işləyirdim. 1981-ci il mayın 5-də Naxçıvanda qar yağdı, bar gətirən ağaclara böyük zərər dəydi. Həmin dövrdə Heydər Əliyevin bu məsələ ilə bağlı müşavirə keçirmək üçün Naxçıvana gələcəyini dedilər. APKOM-un ikinci katibi məni çağırdı (bu gün də məhz niyə məni çağırdığını başa düşmürəm) və Heydər Əliyev gələndə mənim Kamran Rəhimovun (həmin vaxt birinci katib idi) qəbul otağında olmağımı istədi. Mənə söylədi ki, Heydər Əliyev gələcək, sən də filan sözləri deyəcəksən. Mən də Heydər Əliyevlə yaxından tanış olacağıma görə çox sevinirdim, amma digər tərəfdən də ehtiyat edirdim. Çünki Heydər Əliyev çox zəhmli adam idi, ona sözləri necə deyəcəyəmi düşünürdüm.Heydər Əliyev Naxçıvana gəlsə də, birinci mərtəbədəki iclas zalında müşavirəni keçirib getdi. Yəni, onunla görüşmək qismət olmadı. Öz-özümə düşündüm ki, mənə Allah bir dəfə Heydər Əliyevlə görüşmək şansı yaratmışdı, amma olmadı. Lakin həyat mənim arzumu reallaşdırdı. 1990-cı ildə məlum hadisələrlə əlaqədar olaraq Heydər Əliyev iyulun 22-də Naxçıvana gəldi. O zaman Naxçıvanda Nazirlər Soveti sədrinin birinci müavini, Dövlət Aqrar Sənaye Komitəsinin sədri, eyni zamanda APKOM-un büro üzvü idim. Əlbəttə ki, Heydər Əliyevlə görüşmək mənə xeyir gətirməyəcəkdi. Amma həm qeyrətim, həm də Heydər Əliyevə olan sevgim və hörmətim məni onun yanına getməyə məcbur etdi. Biz tanış olduq, söhbət etdik. Mənə dedi ki, yanıma gələrkən qorxmadınmı? Dedim ki, "hər şeyi gözə almışam, sizə qalmayan vəzifə mənəmi qalacaq?! Mən naxçıvanlıyam, siz də həmçinin. Sizi görməməyi qeyrətim qəbul etmədi". Sözlərim xoşuna gəldi və güldü. Dedi ki, ehtiyatlı ol, pərdə arxasında işlə. Sonra ikinci görüşümüz də oldu.


- Heydər Əliyev Naxçıvana qayıtdıqdan sonra fəaliyyətinin ilk dövrləri ilə bağlı nələri deyə bilərsiniz?

- 1990-cı il sentyabrın 30-da Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən, mən isə doğulduğum Cəhri kəndindən Azərbaycan Ali Sovetinə deputat seçildik. Bundan sonra münasibətlərimiz daha da yaxınlaşdı. 1991-ci ildə Bakıya Ali Sovetin iclasına gəldik. Bakıda həmin vaxtlar Heydər Əliyevə qarşı yaxşı münasibət göstərmirdilər. Ali Sovetdə hər zaman onun sağında əyləşirdim. Özü də dəfələrlə deyib ki, Eldardan başqa Naxçıvandan olan digər deputatlar məni qoyub getdilər. Təbii ki, gedənləri də qınamıram. Çünki vəzifələrindən qorxurdular. Biz Heydər Əliyevin göstərişinə uyğun olaraq referendumda iştirak etmədik. Ümumiyyətlə, Naxçıvanda referendum baş tutmadı. Mənim də referendumda səs verməməyim "dostlarım" tərəfindən Mərkəzi Komitəyə ötürüldü. Bu səbəbdən iyulun 7-də yüksək vəzifədə olmağıma baxmayaraq, məni işdən çıxartdılar, hətta töhmət də verdilər. Məni Standartlaşdırma və Metrologiya Mərkəzinə müdir göndərdilər.

Həmin dövrdə Naxçıvanda vəziyyət çox ağır idi. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin birinci sessiyası çağırıldı. Məhz həmin vaxt Heydər Əliyev o zamanadək görmədiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qaldırdı. Heydər Əliyevin nə qədər müdrik və uzaqgörən, ondan da çox cəsarətli insan olduğunu gördüm. O, sovet hökuməti, Kommunist Partiyasının olduğu bir vaxtda milli bayrağı qaldırır. Mən həmin bayrağı Bakıdakılardan bir ay əvvəl tanımışam. O zaman eşitdim ki, belə bir cümhuriyyət və onun bayrağı olub. O vaxta kimi kim bilirdi ki? Sovet dövründə təhsil alan insanlardıq. Bu barədə bilənlər də sovet hökumətinin qorxusundan danışmırdılar. Ola bilsin ki, tarixlə məşğul olanlar bilirdi.

1991-ci ilin avqust ayında sovet hökuməti dağıldı. Sovet hakimiyyəti dağıldıqdan sonra Naxçıvanda da partiya dağıldı və hakimiyyət özbaşınalığı yarandı. Sentyabrın 3-də Ali Sovetin sessiyası çağırıldı. Mən də deputat kimi çıxış etdim və Heydər Əliyevin namizəd kimi Naxçıvanda alternativi olmadığını dedim. Söylədim ki, Heydər Əliyev sədr seçilməsə, Naxçıvanın ermənilər tərəfindən işğal olunması qaçılmazdır. Naxçıvanlılar Heydər Əliyevin hörmətini nə qədər saxladılarsa, o da borclu qalmadı və Naxçıvanı gərgin vəziyyətdən xilas etdi. O, Ali Məclisin sədri seçildikdən sonra İranla əlaqə saxladı. Həmin vaxt İran prezidenti olan Əliəkbər Haşimi-Rəfsəncani təyyarə göndərdi və Heydər Əliyev də İrana getdi, orada müqavilələr bağladı, sonra da Türkiyəyə gedib Süleyman Dəmirəllə görüşdü. Həmin dövrdə Ermənistan Naxçıvanı nə qədər blokadaya almışdısa, Azərbaycan hakimiyyəti, Kommunist Partiyası və sonra da Xalq Cəbhəsi hakimiyyəti də bir o qədər təcrid vəziyyətində saxlamışdı. Naxçıvanda əhalinin vəziyyəti çox pis idi. Naxçıvanın 350 minlik əhalisi yalnız Türkiyənin və İranın yardımları hesabına yaşadı. Həmin dövrdə nazir vəzifəsində çalışırdım və İrandan şəhərin dəmiryolu vağzalındakı zavoda çörək gələcəyini, insanların da onu alacaqlarını gözləyirdim. Sabah nə olacağı bilinmirdi. İranın, Türkiyənin yardımlarını heç vaxt yaddan çıxara bilmərəm. Bu da Heydər Əliyevin nüfuzu, hörməti sayəsində baş verirdi.


- Bəs Naxçıvan sərhədlərinin təhlükədən qorunması üçün hansı addımlar atıldı?

- Heydər Əliyev Naxçıvanda Müdafiə Komitəsi yaratdı. Bu, Naxçıvanın erməni işğalından müdafiə olunması üçün vacib idi. Həmin illərdə Azərbaycanın digər yerlərində olduğu kimi, Naxçıvanda da qoçu dəstələri, hər kəsin bir ordusu var idi. Heydər Əliyev bunların hamısına son qoydu. Sözün həqiqi mənasında Naxçıvanda dövlətçilik ənənələrinin əsasını qoydu.

Bilirsiniz ki, 1921-ci il oktyabrın 13-də Rusiya, Türkiyə, Ermənistan, Gürcüstan və Azərbaycanın imzaladığı Qars müqaviləsi olub. Müqavilədə belə razılığa gəlinib ki, Naxçıvan Muxtar Sovet Respublikası kimi Azərbaycanın tərkibində qalsın. Bu müqaviləyə görə hər hansı təhlükə yaranacağı təqdirdə Türkiyə bizi müdafiə etməli idi. Heydər Əliyev 1992-ci ilin mart ayında həmin müqaviləni yenilədi. Türkiyə hərbçiləri sərhəd boyu yerləşmiş, hansısa bir təhlükə yaranacağı təqdirdə hazır dayanmışdı. Heydər Əliyev belə uzaqgörən insan idi.

O, mart ayında Bakıda parlamentdə özünə qarşı olan hörmətsizlikdən sonra incidiyindən Ali Sovetin sessiyalarına qatılmırdı. Ancaq mən Bakıya gəlib-gedirdim, buradakı məlumatları Heydər Əliyevə çatdırırdım. Onunla telefonla danışmaq mümkün deyildi, ancaq Azərbaycanda gedən prosesləri bilməliydi. Ona görə də məni bir növ poçtalyon kimi göndərirdi və deputat kimi iştirak etdiyim sessiyalarda baş verənlərlə bağlı ona da məlumat verirdim.

1992-ci il mayın 18-də Azərbaycan Ali Sovetinin sədrinin seçilməsi üçün sessiya çağırıldı. Çünki Yaqub Məmmədov sədrlikdən getdiyindən vəzifə boş qalmışdı. Ziyad Səməzadə Ali Sovetin sədrinin birinci müavini idi. Eyni zamanda Afiyəddin Cəlilov, Tamerlan Qarayev də Ali Sovetin sədrinin müavinləriydilər. Həmin vaxt Heydər Əliyevin namizədliyini irəli sürdüm və Ziyad Səmədzadənin kabinetindən Naxçıvana zəng vurdum. Bir-iki dəfə cəhd etsək də, Heydər Əliyevlə danışa bilmədik. Bundan sonra əlaqəni kəsdilər. Çünki Xalq Cəbhəsi onun hakimiyyətə gəlməsindən qorxurdu. Amma mən həm qəlbimin hökmü, həm də Heydər Əliyevə olan inamımı ifadə edərək xalqım qarşısında borcumu yerinə yetirdim və onun namizədliyini tələb etdim.

Yaş senzi ilə bağlı 121-ci maddə var idi. Bunu müzakirə edəndə içəridəydik və Heydər Əliyevə görə etiraz olaraq iclası tərk etdik. Elmira Qafarova məni çağırdı və deputatları geri qaytarmağımı istədi. O, Heydər Əliyevin Naxçıvanda referendum keçirilməsinə imkan vermədiyindən bunu etməyəcəklərini bildirdi. Mənim Elmira Qafarova, Ayaz Mütəllibovla danışıqlarım olub, indi həmin söhbətləri açmaq istəmirəm, ehtiyac da yoxdur.

Bir dəfə Heydər Əliyev mənə dedi ki, sənin xidmətlərin çoxdur, nə üçün kənarda durursan. Mən də "nə etdiyimi siz bilirsiniz" dedim. Təbii ki, Heydər Əliyevi xalqın bugünkü günü üçün dəstəkləyirdim. Azərbaycan Xalq Cümhuriyyətinin ikinci dəfə əsasını qoymaq heç də elə-belə məsələ deyildi. Həmin dövrdə insanlar televiziyadan Xalq Cəbhəsindən olan deputatların siqaretlərini yandırıb stola basmasını görürdülər. Amma insanlar onların bir-birilərinə qarşı necə tərbiyəsiz söyüşlər söydüyünü görmürdülər, ancaq mən görürdüm və fikirləşirdim ki, ilahi, görəsən bunlardan xalqa rəhbər ola bilərmi? Təbii ki, zaman da bunu təsdiq etdi. Mən onların hakimiyyətinin bir ildən artıq yaşamasına inanmırdım və belə də oldu. Mən də istəyirdim ki, ölkəmiz inkişaf etsin. Heydər Əliyevdən başqa ümid yerimiz yox idi.


- Yeni Azərbaycan Partiyasının yaranması hansı zərurətdən irəli gəldi?

- 1992-ci ildə Heydər Əliyevi hakimiyyətə gətirə bilmədik. Həmin vaxt Heydər Əliyevin rəhbərliyi ilə partiya yaratmağı təklif etdim. Mən deyəndə fikrə gedirdi. Özü mənə şərait yaratdığına görə ərk edirdim. Bir müddət sonra Murtuz Ələsgərov, Fərəməz Maqsudov və digər ziyalılar Naxçıvana gəldilər. Bu adamları mən qarşılayıb, yola salırdım. Onlar da insanları səfərbər etmək üçün Heydər Əliyevin rəhbərliyi ilə partiya yaradılmasını dilə gətirirdilər. Heydər Əliyev Azərbaycanın bütün bölgələrində əhali tərəfindən çox sevilirdi. Çünki o, ilk dəfə Azərbaycanı geridə qalmış ölkələr içində ən qabaqcıl respublikaya çevirdi. Xalqı palçıqlı küçələrdən, palçıq evlərdən çıxarıb ikimərtəbəli evlərə qovuşdurdu. Xalq onun xidmətlərini yaxşı bilirdi, amma qorxurdu. Xalq Cəbhəsi insanları danışmağa, onu müdafiə etməyə imkan vermirdi.

Nəhayət, Heydər Əliyevi partiya yaratmağa razı saldıq. Belə ki, Azərbaycanın bütün bölgələrindən olan 91 nəfər ziyalı 1992-ci il oktyabrın 16-da "Səs" qəzeti vasitəsilə müraciət yaydı. Heydər Əliyev oktyabrın 24-də Azərbaycanın 91 nəfər ziyalısının çağrışına cavab verməli idi. Həmin gün Azərbaycan hakimiyyəti öz bölgəsində - Naxçıvanda dövlət çevrilişinə cəhd etdi. Heydər Əliyevi devirmək üçün Daxili İşlər Nazirliyini, televiziyanı tutdular. Bütün naxçıvanlılar gecə səhərə kimi Ali Məclisin ətrafında yığışdı və Heydər Əliyevi qoruduq, bu gün üçün yaşatdıq.

Əhali Xalq Cəbhəsinin silahlı adamlarını hər yerdən qovdu. Xalqın ümidi Heydər Əliyevə idi. Partiya yaradanda da onun ağlına, cəsarətinə, uzaqgörənliyinə və cəsarətinə inanıb ətrafında yığışdıq. Hər adamın ətrafında yığışmaq olmazdı. Kommunist dövründə kommunist olsaq da, ölkəni bu vəziyyətdən kimin çıxara biləcəyini düşünürdük. Hamının gözü Naxçıvana dikilmişdi. 1992-ci il noyabrın 21-də partiyanın konfransını keçirdik, 550 nəfər iştirak etdi. Onların 55 nəfəri Azərbaycanın digər rayonlarından qonaq gəlmişdilər. Həmin vaxt təşkilat işlərinə rəhbərlik edirdim. Beləcə konfransda Yeni Azərbaycan Partiyası (YAP) yaradıldı. Partiyanın adı ilə bağlı da çox müzakirələr getdi. Heydər Əliyev dedi ki, sovet Azərbaycanından əsər-əlamət qalmaması üçün partiyanın adını Yeni Azərbaycan qoymalıyıq. Bundan sonra rayonların hamısında partiyanın yerli təşkilatları yarandı. Partiyanın yaranması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası üzrə Təşkilat Komitəsinin sədrliyi mənə tapşırıldı. Azərbaycanın digər rayonlarında partiya yaratmaq asan olmadı. Həmin vaxt Siyavuş Novruzov, Ağabəy Əsgərov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Abidin Fərzəliyev və Kərim Kərimov rayonlara gedib partiyanın yerli strukturlarını yaradırdılar. Həmin insanlar hər dəfə rayona gedəndə sağ qayıdıb-qayıtmayacaqlarını bilmirdilər. Çünki Xalq Cəbhəsi hakimiyyəti bizə qarşı çox ciddi mübarizə aparırdı. Bizim üzvlərimizi tutmaq istəyirdilər. Baş prokuror məni çağırıb dedi ki, niyə sən Azərbaycanda Heydər Əliyevə görə sessiya çağrılması ilə bağlı məsələ qaldırmısan? Bu tarixi danışmaq üçün bir neçə gün vaxt lazımdır. Qısa deyim ki, bır sıra rayonlarda partiyanın yerli strukturlarını yaratmağa nail olduq. Amma 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra rayonların əksəriyyətində partiyanın yerli strukturları yaradıldı. Beləcə Heydər Əliyevin tərəfdarları, onu müdafiə edən insanlar bir yerə toplaşdı. Partiyası olmayan insan hakimiyyətə gələ bilmir. Həmin vaxt insanlar Heydər Əliyevi sevirdi, amma Bakıya gələndə onu hava limanında məhv etmək istəyirdilər. İnsanlar eyni olsa da, rəhbərlər fərqli idi və onlar insanları bu işlərə məcbur edirdilər. Heydər Əliyevin ətrafında isə artıq qüvvə var idi və YAP da onları səfərbər etdi.


- 15 iyunu reallaşdıran prosesləri necə xatırlayırsınız?

- Qeyd edim ki, bu prosesdə əsas meyarlardan biri də o vaxtkı rəhbərliyin günahları, səriştəsizliyi idi. Naxçıvanda dövlət çevrilişi edə yaxud Heydər Əliyevə bir şey edə bilmədilər. Getdilər Gəncədə Surət Hüseynovu devirmək istədilər. Surət Hüseynov onların hamısını Gəncədə tutdurdu. Bu da onların səriştəsiz və təcrübəsizliyindən irəli gəlirdi. Onlar heç bir "jek"ə də rəhbərlik etməmişdilər. Elə ona görə də cəmi 12 ay 27 gün hakimiyyətdə oldular. Azərbaycanı çox dağıtdılar. Ali Sovetin deputatı kimi bunları bilirdim. Artıq ölkə məhvin astanasında idi. Cənub zonasında Talış-Muğan Respublikası yaratmışdılar. Şimalda da separatçı qüvvələr vardı. Hərənin bir qoçu dəstəsi var idi və bir-birləri ilə müharibə aparırdılar. Azərbaycanda insanlar vahimə içərisində yaşayırdı. Gəncləri küçədən tutub müharibəyə göndərirdilər. Çoxunun da ölüsü gəlirdi. Bu faktları danışanda adamın ürəyi ağrıyır, mən bunların hamısından xəbərdar idim. Belə bir çətin vəziyyətdə o zamankı prezident Əbülfəz Elçibəy Heydər Əliyevin arxasınca təyyarə göndərdi.

Naxçıvana təyyarə iyunun 6-dan gəlmişdi, amma H.Əliyev Bakıya gəlmirdi. Bir sirdaş kimi ayın 7-də gecə saat təqribən ikinin yarısında H.Əliyevə zəng vurdum. O zaman H.Əliyev səhərə qədər işləyirdi. Səhər saat dörddə, beşdə evə gedirdi. Zəng vurub dedim ki, səhər Bakıya getmək istəyirəm. O dəqiqə məsələnin nə yerdə olduğunu tutdu və dedi ki, get-get. Təbii ki, H.Əliyevin bir yox, yüz kanalı var idi. Ona hər yerdən xəbər verirdilər ki, biri də mən idim. Bakıda vəziyyətin necə olduğunu, H.Əliyevin Bakıya getməsinin mümkün olub-olmadığını öyrənmək istəyirdim. Çünki o təyyarəni göndərənlər, Naxçıvanda dövlət çevrilişi edənlər, H.Əliyevi öldürmək istəyənlər idi ki, indi onu çağırırdılar. Haradan bilə-bilərdik ki, H.Əliyev sağ-salamat Bakıya gedə bilər? H.Əliyevi sevən adam kimi, bugünki günümüzü görən insan kimi görürdüm ki, yeganə ümid odur. Ona hər şey edə bilərdilər. Bakıya gəldikdən sonra gördüm ki, insanlar artıq H.Əliyevi gözləyir və başqa söhbətə yer yoxdur. İyunun 8-də H.Əliyevə zəng vurdum və dedim ki, hər şey yaxşıdır, gəlmək vaxtıdır. Dedi, hə yaxşı, fikirləşərik. Mən o zaman etdiyim səhvimi də deyim. Dedim ki, nə vaxt gələcəksiniz? Cavabı belə oldu ki, gələndə biləcəksən. Sonra başa düşdüm ki, səhvə yol vermişəm. Çünki H.Əliyevin bütün telefon danışıqlarını dinləyirdilər.

İyunun 9-da H.Əliyev Bakıya gəldi. Ali Sovetdə görüş keçirdi, çıxış etdi. Gəncəyə getdi, hadisələri öyrəndi. Nəhayət 15 iyunda H.Əliyevi Ali Sovetə sədr seçdilər. Çoxlu oyunlar gedirdi. Səs verməyənlər də oldu. Səs verənlər daha çox oldu. Sədr seçildikdən sonra birinci növbədə sabitlik yaratmağa, qoçu dəstələrini yerinə oturtmağa başladı. Başqa cür mümkün deyildi. 1993-cü il 15 iyunda sədr seçildi, 1994-cü ilin 12 mayında atəşkəs əldə etdi. Çünki müharibə şəraitində nəsə iş görmək mümkün deyildi. Ondan sonra başladı iqtisadiyyatı inkişaf etdirməyə. 1994-cü il sentyabın 20-də "Əsrin Müqaviləsi" imzalandı, 11 transsmilli şirkət Bakıya gəldi. Onlar Azərbaycana H.Əliyevin nüfuzuna görə gəlirdilər. Çünki Azərbaycan dağılmış bir ölkə idi və heç kimin inamı yox idi ki, bura gəlib müqavilə bağlasınlar. H.Əliyevə inam var idi. Müqavilələr bağlandı və bir çox işlər görüldü, Azərbaycan inkişaf yoluna qədəm qoydu.

Onu da vurğulayım ki, H.Əliyevin siyasətini bu gün möhtərəm Prezidentimiz İlham Əliyev çox uğurla, ləyaqətlə davam etdirir.

Bu gün 15 iyunu Milli Qurtuluş Günü kimi qeyd edirk. H.Əliyev hakimiyyətinin ilk illərində qurtuluş bayram kimi qeyd edilmirdi. 1997-ci il iyun ayının 17-də Milli Məclisdə çıxış etdim və təklif etdim ki, 15 iyun bayram kimi qeyd olunsun. Müdafiə edənlər də oldu, danışmayanlar da. 10 gündən sonra-iyunun 27-də 45 deputat çıxış etdi və 15 iyunun Qurtuluş Bayramı kimi qeyd olunması qəbul edildi.


- Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti ilə bağlı nələri demək olar?

- Şəxsən mənim üçün əziz bayramların ən birincilərindən biri məhz qurtuluş günüdür. Ona görə ki, bu tarix olmasaydı, bu gün Azərbaycan olmayacaqdı. H.Əliyev insanları bəladan, dövlətçiliyi dağılmaqdan xilas etdi. Məhz ondan sonra ölkə inkişaf etdi.

Mən öz sahəmə aid məsələ kimi deyim ki, 1996-cı ildə biz H.Əliyevin rəhbərliyi ilə torpaq islahatı həyata keçirdik. Aqrar Siyasət Komitəsinin sədri kimi bunu deməyə bilmərəm. O qanun üzərində çox işlədik. H.Əliyev neçə dəfə alimləri yığdı, müşavirələr keçirdik. Qanunu hər cümləsinə, nöqtə-vergülünə qədər müzakirə etdi, incələdi. 1996-cı ilin 11 avqustunda qanun qəbul olundu. O qanun imkan verdi ki, MDB dövlətləri arasında yeganə bizdə torpaq islahatları çox yüksək səviyyədə həyata keçirildi. Bunlar hamısı H.Əliyevin ağlının, müdrikliyinin məhsuludur. Sonrakı dövrlərdə qəbul olunan qanunlar, görülən işlər hamısı onun adı ilə bağlıdır. H.Əliyev hakimiyyətə gəldikdən sonra iqtisadiyyatın təməlini qoydu. 1996-cı ildə bizim cəmi 596 min dollar büdcəmiz vardı. O da ordan-burdan.

H.Əliyev Xalq Cəbhəsi hakimiyyəti dövründə dünya dövlətləri ilə pozulan münasibətləri yenidən düzəltdi. Məsələn, 1994-cü ilin mart ayının 4-dən 10-a qədər H.Əliyevlə Çinə gedən nümayəndə heyətinin tərkibində olmuşam. O zaman H. Əliyev əvvəlki hakimiyətin, Çinə bayraq taxacağıq, dediyi üçün pozulan münasibətləri tənzimləmək üçün çox əziyyət çəkdi. Qısa zamanda İranla, Rusiya ilə münasibətləri yaxşılaşdırdı.

Bütün xalqımızı Milli Qurtuluş Günü bayramı münasibətilə təbrik edirəm. Əmin- amanlıq daimi olsun. İqtisadiyyatımız, ordumuz, silahımız, gücümüz də var. Biz istəyirik ki, işğal olunmuş torpaqlarımız sülh yolu ilə azad olunsun. Əgər sülh yolu mümkün olmasa, ərazilərimizi qaytarmağa gücümüz var. Bu yaşımda mən də bir əsgər kimi torpaqları qaytarmaq uğurunda döyüşə getməyə hazıram. Ərazi bütövlüyümüzün müharibəsiz təmin olunacağına inanıram. Möhtərəm prezidentimiz böyük siyasi iradə göstərir. Baxmayaraq ki, Ermənistan prezidenti iradəsizlik göstərib qaçır. Amma qaçanda bir gün dalana söykənəcək, divarı keçə bilməyəcək. O zaman torpaqlarımızı qaytaracağıq.


- Eldar müəllim, bir az da Heydər Əliyevin şəxsi keyfiyyətlərindən, insanlara münasibətindən danışardınız. Necə insan idi?

- H.Əliyev təkcə siyasətdə yox, həm də insanlarla münasibətində çox yüksək səviyyəli şəxsiyyət idi. Epizodlardan sadəcə birini deyim.

Əvvəldə qeyd etdim ki, 1981-ci ildə H.Əliyev Naxçıvana gələndə onunla görüşə bilmədim. Sonra özünə dedim ki, o vaxt sizinlə görüşə bilmədim, arzum ürəyimdə qalmışdı. Çox gözəl yumor hissi vardı. Zarafatla dedi ki, ay Eldar, o zaman səni tanımırdım axı. Bilsəydim ki, ürəyində arzun var, qalıb səninlə görüşərdim.

Bizim onunla böyük qardaş-kiçik qardaş, ata-bala kimi çox yaxşı münasibətimiz vardı. Danışıqlarımız da həmişə kişi söhbəti olub. Bəzən görmüşəm ki, dediklərim xoşuna gəlmir, üzünü turşudur. Deyirdim ki, sizə həqiqəti dedim. Bir həftədən sonra deyirdi ki, yoxladım, sən düz deyirdin. Mənim ondan heç bir təmənnam yox idi. Kişi kimi qulluq etmişəm. H.Əliyev mənə müəyyən vəzifələr təklif edib. Demişəm ki, deputatam, Komitə sədriyəm daha nə olsun? Hamı nazir olası deyil ki, mənim işim budur və mən sizə Milli Məclisdə lazımam.

Səmimi, mehriban insan idi. Xatırlayıram ki, bir dəfə Zərifə xanımla əlaqədar "Səs" qəzetində yazı getmişdi. Qardaşları onun haqqında müsahibə vermişdi. Qəzeti təyyarədə, Bakıdan Naxçıvana gələndə yolda oxudum və çox kövrəldim. Qəzeti gətirib H.Əliyevə verdim. Oxumağımı istədi. Dedim ki, ürəyim tap gətrmir. Özü oxumağa başladı. Bir azdan sona çevirilib baxanda gördüm ki, kədərlənib, durub icazəsiz çıxdım. Bir azdan çağırdı. Dedi, ay Eldar, niyə çıxdın? Bildirdim ki, kədərinizi, göz yaşlarınızı görmək istəmədim...

H.Əliyevlə Zərifə xanımın həyat yoldaşlığı həm də bir ailə nümunəsi idi. Bizdə daha çox belədir ki, arvad dünyasını dəyişən kimi kişilər evlənir. Amma ailəsini çox sevən H.Əliyev göstərdi ki, ailəni sevirsənsə, onu dəyişmək olmaz. Bu, qadınlarla yanaşı kişilərə də aiddir, nümunədir. İnsan bir dəfə sevir, bir dəfə sevilir.

O, ailəsini, xalqını, millətini, vətənini sevən, uğrunda canını qurban verən insan olub. Xalqa qurtuluş verib. Onun ruhu qarşısında Azərbaycan xalqı borcludur. O cümlədən mən.

1990-cı ildən 2003-cü ilə qədər-13 ildə onun yanında olan biri kimi azdan-çoxdan tələbəsi ola bildim. Məktəbini oxuya bildim. Onun həyat yolu insanlara örnəkdir.

O zamanı, siyasi büroda işləyənləri götürsək, H.Əliyev yeganə şəxsdir ki, işdən çıxıb, təkrar vəzifəyə gəldi: İgid odur ki, atdan düşə atlana.

Nə qədər Azərbaycan var, H.Əliyev yaşayacaq. O, mənim üçün də yaşayır. Onun ideyalarını prezidentimiz yaşadır. Biz yaşadırıq. Demək ki, bu insan sağdır. Bütün xalq dedi ki, H.Əliyev bizim ümummilli liderimizdir. Bizim öndərimizdir.

Elə buna görə də indi biz, onunla bağlı bütün çıxışlarımızda ulu öndər deyirik.

scroll top