» » » Avstraliya parlamentində Azərbaycan-Avstraliya diplomatik münasibətlərinin 25 illiyi ilə əlaqədar tədbir keçirilib

Avstraliya parlamentində Azərbaycan-Avstraliya diplomatik münasibətlərinin 25 illiyi ilə əlaqədar tədbir keçirilib

Avstraliyanın Federal Parlamentində Azərbaycanla Avstraliya İttifaqı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar qəbul keçirilib.

Azərbaycanın Avstraliyadakı səfirliyindən ucarliyiq.biza verilən məlumata görə, tədbirdə qeyd olunub ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 19-da qurulub.

Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Kristofer Bək qəbulda iştirak edən qonaqları Avstraliyanın baş naziri Malkolm Törnbull və xarici işlər naziri Culi Bişopun adından salamlayıb. Sonra o, 2016-cı ilin sentyabr ayında Azərbaycanda keçirilən ümumxalq səsverməsini (referendumu) müşahidə etmək məqsədilə Bakıda səfərdə olduğunu bildirərək, həmin səfərlə bağlı xoş təəssüratlarını bölüşüb. Avstraliyalı senator referendumun yüksək səviyyədə keçirildiyini, habelə səsvermə prosesinin təşkilinin standartlarından məmnun qaldığını diqqətə çatdırıb.

O, səfər çərçivəsində ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirdiyini qeyd edərək, Avstraliya və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticarət sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib. Bu xüsusda, senator bir neçə Avstraliya şirkətinin Azərbaycanda həyata keçirilən biznes layihələrində iştirakını müsbət hal kimi dəyərləndirib. K.Bək həmçinin, ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın xüsusi rolunu vurğulayıb.

Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə son illərdə iki ölkə arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini qeyd edib. O, Azərbaycanın Avstraliya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verdiyini bildirərək, bu mövqeyin Azərbaycan Prezidenti İlham Əliyevin Avstraliya İttifaqının general-qubernatoru Piter Kosqrouva diplomatik əlaqələrin 25 illiyi ilə əlaqədar ünvanladığı təbrikində öz əksini tapdığını xüsusi olaraq vurğulayıb.
O, Avstraliyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında olduğunu qeyd edərək, Azərbaycan hökumətinin Avstraliyanın ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qəti və ardıcıl şəkildə dəstəklənməsi ilə bağlı mövqeyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən E.Həbibzadə Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean regionu üzrə naziri Konçetta Fierravanti-Uelsin bu ilin iyunun 11-12-də Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun ilk sədri, sabiq millət vəkili Lyuk Simpkins Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayevanın adından qəbulda çıxış edərək, iki ölkə arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Avstraliya şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyətinin bu ilin oktyabr ayında Azərbaycana səfərinin nəzərdə tutulduğunu bildirib. L.Simpkins qeyd edib ki, işgüzar dairələr arasında əlaqələrin artırılması müxtəlif sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, eləcə də dövlətlər arasında münasibətlərin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə Avstraliya Parlamentinin üzvləri, Kanberrada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, eləcə də Avstraliyadakı Azərbaycan icmasının üzvləri iştirak ediblər.

scroll top