» » » Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı başlayıb

Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı başlayıb

Bakıda "Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq" mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı başlayıb.

ucarliyiq.biz xəbər verir ki, konfrans ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdış gününün – 15 iyun tarixinin Milli Məclisin qərarı ilə Milli Qurtuluş Günü elan edilməsinin 20 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə 18 iyun tarixinin İnsan Hüquqları Günü kimi təsis olunmasının 10 illiyinə həsr edilib.

Konfransda dövlət və hökumət rəsmiləri, xarici ölkələrin ombudsmanları, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak edirlər.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova Azərbaycanın 25 ildən artıq müddətdə davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal altında olmasına baxmayaraq, sürətlə inkişaf edərək dünya dövlətləri arasında özünə layiqli yer tutduğunu vurğulayıb.

Ölkədə ombudsman təsisatının 15 illik uğurlu fəaliyyətindən danışan E.Süleymanova insan hüquq və azadlıqlarının qorunması məqsədilə həyata keçirilən müxtəlif tədbirlərdən, o cümlədən geniş maarifləndirmə işindən danışıb.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bu qlobal təşəbbüsə qoşulan dövlətlərin zəruri resurslara malik olması mühüm şərtdir.

O qeyd edib ki, bu gün Azərbaycan güclü iqtisadiyyata, dayanıqlı siyasi-hüquqi və sosial-müdafiə sisteminə, təhlükəsiz və sabit ictimai-siyasi mühitə, yenilənmiş infrastruktura malik, beynəlxalq təşkilatlara inteqrasiya olunan bir dövlətdir.

Milli Məclis sədrinin müavini Bahar Muradova ölkədə ombudsman təsisatının uğurlu fəaliyyətini qeyd edərək, bu sahədə xeyli iş görüldüyünü diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri artıq formalaşdırılıb və bunun əsasında qəbul olunan qərarlar bu nəticələrə nail olunmasında öz mühüm töhfəsini verir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai çıxışında Dayanıqlı İnkişaf Məqsədləri və insan hüquqlarının qorunmasını təmin edən institutlar arasında əlaqələndirmə işinin təşkili məsələlərindən danışıb.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış ediblər.

Konfrans hazırda işini davam etdirir.

Konfransın yekununda Bakı Bəyannaməsi qəbul olunacaq.

scroll top