» » » Türkiyənin Dünyagöz Xəstəxanalar Qrupu Azərbaycan ordusunda yeni layihəyə start verib

Türkiyənin Dünyagöz Xəstəxanalar Qrupu Azərbaycan ordusunda yeni layihəyə start verib

Türkiyənin Dünyagöz Xəstəxanalar Qrupu Azərbaycan ordusunda yeni layihəyə start verib
© Müdafiə Nazirliyi

Türkiyənin Dünyagöz Xəstəxanalar Qrupu Azərbaycan Silahlı Qüvvələrində xeyirxah missiyaya start verib.

Müdafiə Nazirliyindən ucarliyiq.biza verilən məlumata görə, iyunun 16-da Dünyagöz Xəstəxanalar Qrupunun yeni layihəsinin təqdimetmə mərasimi keçirilib.

Mərasimdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Natiq Əliyev, idarənin və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkim və mütəxəssisləri, Dünyagöz Xəstəxanalar Qrupunun Azərbaycan filialının həkim və tibb personalı iştirak edirdi.

21 ildir ki, qardaş Türkiyədə və onun hüdudlarından kənarda insanların sağlamlığı keşiyində dayanan Dünyagöz Xəstəxanalar Qrupu Azərbaycanda da öz filialını açıb. Qrupun avtomobil üzərində mobil göz klinikası isə 2004-cü ildən Türkiyədə fəaliyyət göstərir.

Ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş mobil klinika artıq 13 ildir ki, müasir tələblər səviyyəsində göz müayinəsi və müalicəsilə məşğul olur.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə səfərdə olarkən belə bir mobil göz klinikasının ölkəmizdə də müayinələr keçirməsi barədə təşəbbüs göstərib. Dünyagöz Xəstəxanalar Qrupunun rəhbərliyi bu təklifi dəstəkləyib və avtomobil üzərində fəaliyyət göstərən mobil göz klinikası bu təşəbbüsə əsasən ölkəmizə göndərilib.

Dünyagöz Xəstəxanalar Qrupu yönətim kurulu baş direktorunun müavini Adəm Esgün açılış mərasimində çıxış edərək xeyirxah layihənin gerçəkləşdirilməsi münasibətilə tədbir iştirakçılarını təbrik etdi. O, Azərbaycan Müdafiə Nazirliyinin təşəbbüsü və dəstəyilə fəaliyyətə başlayan mobil göz klinikasının təmənnasız olaraq Silahlı Qüvvələrdə hərbi qulluqçuların gözlərini müayinə edəcəyini söylədi. “Dünyagöz Xəstəxanalar Qrupunun qardaş Azərbaycanda da müasir standartlara uyğun göz müayinələrini aparmasından qürur hissi keçiririk. Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi ordu generalı Hulusi Akar və Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun birgə təşəbbüsünün nəticəsində bu aksiya gerçəkləşdirilir. Bu layihəyə dəstək vermiş Müdafiə naziri general-polkovnik Zakir Həsənova minnətdarlığımı bildirirəm”.

-Ölkəmizdə öncə Dünyagöz Xəstəxanalar Qrupunun Azərbaycanda möhtəşəm bir filialı açılıb, - Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Natiq Əliyev bildirdi. – İndi isə Qrupun mobil göz klinikası Silahlı Qüvvələrimizdə bu xeyirxah aksiyaya başlayır. Bütün bunlar Türkiyə ilə Azərbaycan arasında qardaşlığı bariz bir nümunəsidir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyə və Azərbaycan qardaşlığının daha da möhkəmləndirilməsi istiqamətində atdığı addımlar hər iki dövləti daha da yaxınlaşdırır. Bu xeyirxah aksiya Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təşəbbüsü ilə gerçəkləşir. Mobil göz klinikası ən müasir avadanlıqlarla təchiz edilib. Qeyd edim ki, bizim Baş Klinik Hospitalda, digər tibb müəssisələrimizdə hər cür şərait yaradılıb, hərbi qulluqçularımızın müayinə və müalicəsi üçün hər bir imkan var. Həm savadlı tibb kadrlarımız var, həm də dövlətimiz müasir avadanlıqlarla tibb müəssisələrimizi təchiz edib. Mobil göz klinikasının bu aksiyası humanitar bir addımdır, Azərbaycan Silahlı Qüvvələrinə qardaş Türkiyənin xeyirxah dəstəyidir. Bu klinika hərbi qulluqçuları, onların ailə üzvlərini, hətta hərbi hissələrdə çalışan mülki işçiləri, şəhid ailələrinin üzvlərini bizim mütəxəssislərlə birgə müayinə və imkan daxilində müalicə edəcəklər, ehtiyacı olanlara optik eynəklər bağışlayacaqlar. Hesab edirəm ki, bu qürurverici bir hadisədir. İki qardaş ölkənin bir-birinə doğma münasibətinin parlaq təzahürüdür.

Dünyagöz Xəstəxanalar Qrupu yönətim kurulunun nümayəndəsi, ehtiyatda olan general Zəkəriyyə Öztürk də ürək sözlərini bildirdi:

-Azərbaycanlılar bizim can qardaşlarımızdır. Cəbhə bölgəsində və digər ərazilərdə xidmət aparan hərbi qulluqçular mobil göz klinikasının xidmətindən yararlanacaqlar. Eyni zamanda ehtiyacı olan digər mülki vətəndaşlar da göz müayinəsindən keçiriləcəklər. Bizim üçün Azərbaycanda bu xidməti gerçəkləşdirmək şərəfdir, bu fürsəti bizə üçün yaratdığı üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənova minnətdarlığımızı bildiririk.

Açılış mərasimi başa çatdıqda ilk müayinələr aparıldı. Öncə klinikanın həkimləri Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Natiq Əliyevin gözlərini müayinə etdilər. İdarə rəisi müayinədən razılığını ifadə etdi. Bundan sonra mobil göz klinikası birbaşa hərbi hissələrə yola düşdü və bu gündən öz xeyirxah missiyasını yerinə yetirəcək. Təxminən bir ay müddətində Silahlı Qüvvələrimizin hərbi hissələrində zabit, gizir və əsgərlərin gözlərinin müayinə və müalicəsi aparılacaq.

Interesting facts scroll top