» » » İlham Əliyev: "Qazlaşdırma səviyyəsi artıq 93 faizə çatıb və bu, yaxşı rəqəmdir"

İlham Əliyev: "Qazlaşdırma səviyyəsi artıq 93 faizə çatıb və bu, yaxşı rəqəmdir"


"Bu il infrastruktur layihələrinin icrası davam etdirilmişdir. Qazlaşdırma səviyyəsi artıq 93 faizə çatmışdır. Biz qarşıya 95 faiz hədəfi qoymuşduq. Ölkəmizin relyefini nəzərə alsaq hesab edirəm ki, bu, yaxşı rəqəmdir."

ucarliyiq.biz xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda yekun nitqi zamanı deyib.

Dövlət başçısı bildirib ki, artıq biz bu hədəfə çatırıq: "Digər infrastruktur layihələri də icra edilir, elektrik təsərrüfatı yenilənir. Kənd yolları layihələri icra edilir. Şərti olaraq biz bu layihəni “40 kənd yolu” layihəsi adlandırdıq, ancaq hər bir layihənin əhatə dairəsi daha genişdir. Yəni, 40 deyəndə, əslində, bu, 200, bəlkə də daha çox kəndi əhatə edir. Çünki hər bir layihə 4-5 kəndi əhatə edir və bu, çox gözəl nəticə verir, bölgələrdə də vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İçməli su layihələri icra edilir. Kifayət qədər vəsait var və gələn il də bu proses davam etdiriləcək. Artıq bir çox şəhərlərimizdə içməli su məsələsi həll olunub."

Prezident diqqətə çatdırıb ki, Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə 29 bina tikilir: "Ağ şəhər”də onlarla bina inşa olunub. Yəni, bax, bu üç istiqamətdə artıq 100-dən çox binanın inşaat işləri aparılır. Əlbəttə ki, Bakının digər yerlərində, digər şəhərlərimizdə mənzil tikintisi geniş vüsət alıb, inşaat sektoru artıq bərpa edilir, canlanma var. Əlbəttə ki, bunun tikinti materialları sektoruna da müsbət təsiri var və olacaq. Mən iş adamlarına məsləhət görərdim ki, bu sahəyə daha da böyük diqqət yetirsinlər, sərmayə qoysunlar. Çünki bundan sonra inşaat işləri Azərbaycanda daha sürətlə aparılacaq, tikinti materiallarına böyük ehtiyac olacaq."

scroll top