» » » Bakıda "15 Temmuz Dastanı" adlı tədbir keçirilib

Bakıda "15 Temmuz Dastanı" adlı tədbir keçirilib


Azərbaycan Milli Dram Teatrında Türkiyədə 2016-ci ilin iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı "15 Temmuz Dastanı" adlı tədbir keçirilib.

ucarliyiq.biz-in məlumatına görə, tədbirdə əvvəlcə həmin hadisələrdə həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dualar oxunub.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra həmin hadisələrdən bəhs edən sənədli film nümayiş olunub.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov dövlət başçısı İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana həmin hadisələrin ildönümü ilə bağlı bu gün ünvanladığı məktubu oxuyub.

Tədbirdə çıxış edən Tükiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, 2016-ci ilin iyulun 15-dən keçən hadisələrdən sonra yaşanan acılar hələ də yaddaşlarda qalıb: "O gecə Ankarada 3-4 yaşında olan uşaqlar bu gün təyyarə görəndə sarsıntı keçirirlər, təyyarədə uçmağa qorxurlar. Həmin ölən şəhidlərimizə minnətdarlığımızı bildirməliyik ki, onlar bizə azadlıqda, demokratik cəmiyyətdə yaşamaq üçün həyatlarından keçdilər".

Səfir əlavə edib ki, həmin hadisələrin əsl mahiyyəti Tükiyəni işğal etmək, ölkəni vətəndaş müharibəsi şəraitinə salmaq idi.

Səfir bildirib ki, oxşar hadisələr Azərbaycanda 1994-1995-ci illərdə də baş verib: "Həmin zaman Azərbaycanın ümummilli lideri Heydər Əliyev xalqa çağırış etdi və xalq üsyançılara qarşı çıxdı. Məhz həmin hadisələrdə əsl liderlər peydə olur. Nə yaxşı ki, ötən il bizim liderimiz öz sözünü deməyi bacardı".

E.Özoral eyni zamanda Azərbaycanın Türkiyəyə verdiyi dəstəyindən də danışıb: "Azərbaycan FETÖ ilə mübarizədə bizə sonuna qədər dəstək verdi. Biz bu dəstəyi hiss etdik və özümüzü güclü hiss etdik. Azərbaycan Prezidenti İlham Əliyev ilk olaraq Tükiyə prezidentinə zəng edib. Bu gün İlham Əliyevin ünvanladığı məktub bizim üçün dəyərlidir".

Tədbir çərçivəsində "Anadolu" xəbər agentliyinin 2016-cı il iyulun 15-də çəkdiyi şəkillərdən ibarət fotosərgi də təşkil olunub.

Qeyd edək ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, ictimai xadimlər iştirak ediblər.

scroll top