» » » Prezident İlham Əliyev: "Son iyirmi il ərzində Azərbaycana 200 milyon dollardan çox investisiya qoyulub"

Prezident İlham Əliyev: "Son iyirmi il ərzində Azərbaycana 200 milyon dollardan çox investisiya qoyulub"


"Mən Latviya şirkətlərini Azərbaycanda podratçı qismində işləməyə bir daha dəvət etmək istəyirəm. Azərbaycanda müxtəlif layihələri icra etmiş bir neçə Latviya şirkəti olub. Bu layihələr çox uğurlu və yüksək səviyyədə icra edilib. Buna görə də şirkətlərinizin yaxşı ekspert biliyi, nüfuzu və peşəkar səviyyəsi var. Biz Azərbaycanda sizin şirkətlər üçün maraqlı ola biləcək bir çox infrastruktur layihələrini həyata keçiririk."

ucarliyiq.biz xəbər verir ki, bunu Prezident İlham Əliyev Riqada Latviya-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, ümumiyyətlə, Azərbaycanda investisiya mühiti çox müsbətdir: "Son iyirmi il ərzində Azərbaycana 200 milyon dollardan çox investisiya qoyulub. İqtisadiyyatımız rəqabətqabiliyyətlidir. Davos Dünya İqtisadi Forumuna əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətlilik indeksinə görə 37-ci yerdə qərarlaşıb. Ölkə siyasi və iqtisadi cəhətdən sabitdir. Bir çox infrastruktur layihələri həyata keçirilməkdədir. Avropada və dünyanın digər yerlərində olan bir çox şirkətlər bu layihələrin icrasında bizim tərəfdaşlarımız qismində çıxış edirlər. Enerji amilindən asılılığı azaltmaq üçün Azərbaycanın iqtisadi gündəliyi indi iqtisadiyyatın şaxələnməsinə yönəlib. Bu, artıq baş verir. Ümumi daxili məhsulun ən böyük hissəsi qeyri-enerji sektorunun payına düşür. Bu, bizə qeyri-enerji sektorumuzu 27 faizdən daha çox artırmağa, idxalı isə 50 faiz azaltmağa imkan verdi".

Interesting facts scroll top