» » » “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nizamnamə fondu 1 milyon manat müəyyənləşdirilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nizamnamə fondu 1 milyon manat müəyyənləşdirilib


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nizamnamə fondu 1 milyon manat müəyyən edilib.

“Report”un xəbərinə görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsində əksini tapıb.

Nizamnaməyə əsasən, idarənin əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə fondundan, təsisçi tərəfindən ona verilmiş digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitlərdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.

İdarə əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. İdarə balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

Qurum qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra idarənin, onun təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

İdarə Heyəti sədrinin və İdarə Heyətinin digər üzvlərinin, İdarənin aparatının işçilərinin vəzifə maaşları, müvafiq olaraq, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin, rəhbər müavinlərinin və aparatlarının işçilərinin vəzifə maaşlarına bərabər tutulur. İdarənin işçilərinə əlavə ödənilən həvəsləndirmə sistemi İdarə Heyəti tərəfindən müəyyən edilir.

Nizamnamədə qeyd edilir ki, darənin fəaliyyətinə nəzarət Azərbaycanın Prezidenti, həmçinin verilmiş təsisçi səlahiyyətləri çərçivəsində Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

İdarənin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

scroll top