» » » Lənkəranda ümumrayon müşavirəsi keçirilib

Lənkəranda ümumrayon müşavirəsi keçirilib


Lənkəran. 8 avqust. Lənkəranda ümumrayon müşavirəsi keçirilib. “Report”un Cənub bürosunun məlumatına görə müşavirədə barama, tütün və fındıq istehsalının inkişafı ilə əlaqədar ölkə başçısının son göstəriş və tapşırıqları müzakirə olunub.

Toplantıda İcra başçısı aparatının məsul işçiləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, kənd təsərrüfatı mütəxəssisləri, qabaqcıl fermerlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müşavirəni açaraq Prezident İlham Əliyevin müdrik düşüncəsi ilə ölkə iqtisadiyyatının post-neft dövrünə uyğunlaşdırılması məqsədilə qeyri-neft sektorunun durmadan inkişaf etdirilməsinin artıq dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdiyini diqqətə çatdırıb. İcra başçısı bununla bağlı ölkədə kompleks tədbirlərin görüldüyünü, Dövlət Proqramlarının, müvafiq fərman və sərəncamların imzalandığını, çoxlu sayda əmək tutumlu və sosial yönümlü layihələrin icra olunduğunu bildirib.

Natiq qeyd edib ki, bunların arasında kənd təsərrüfatına daxil daxil olan sahələrin inkişafına da geniş yer verilir və avqustun 4-də Qax şəhərində keçirilmiş ümumrespublika müşavirəsi də məhz bu həyati əhəmiyyətli məsələlərə, aqrar sahənin ən gəlirli bölmələri olan barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə həsr olunub.

Taleh Qaraşov qeyd edib ki, ölkə başçısı İlham Əliyevin müşavirədəki proqram xarakterli çıxışından irəli gələn vəzifələrin icrasından ötrü cavabdeh təşkilatlar və məsul şəxslərlə yanaşı bütün rayon ictimaiyyətinin səyi səfərbər olunmalı, frontal iş qurulmalı, bu sahəyə aid ictimai təşəbbüslərə dərhal reaksiya verilməli, fermer və sahibkarlara lazımi köməklik olunmalıdır.

Eyni zamanda, natiq gələn il rayonda artıq barama istehsalına başlanılacağını diqqətə çatdıraraq yem bazasının yaradılmasının vacibliyini önə çəkməklə yeni əkilmiş 55 minə qədər tut tinglərinin qorunması, suvarılması və aqro-texniki quluğun göstərilməsi ilə bağlı məsul şəxslərə ciddi tapşırıqlar verib. İcra başçısı həm də sözügedən sahədə təşkilati işlərin operativ qurulmasından ötrü baramaçıların, eyni zamanda çayçıların da assosiasiyalarının təsis olunmasının əhəmiyyətini xüsusi qeyd edib və rayonun təbii şəraitinin fındıqçılığın inkişafı üçün də əlverişli olduğunu vurğulayaraq ilkin məhələdə fındıq əkini üçün 4 hektar torpaq sahəsinin hazırlanmasını və əkin üçün uyğun sortların müəyyən edilməsini tapşırıb.

Sonra İcra başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Rəhimov, rayon Kənd Təsərrüfatı idarəsinin müdiri Tofiq Rzayev, “Yaşıl çay” fermer təsərrüfatının rəhbəri Araz Yaqubov, təcrübəli baramaçı İltifat Həsənov çıxış edib rayonda barama istehsalının genişləndirilməsi ilə bağlı fikir və mülahizələrini bildiriblər.

Interesting facts scroll top