» » » Hanoyda "Vyetnam-Azərbaycan əlaqələrinin 25 illiyi: nailiyyətlər və gələcək perspektivlər" mövzusunda konfrans keçirilib

Hanoyda "Vyetnam-Azərbaycan əlaqələrinin 25 illiyi: nailiyyətlər və gələcək perspektivlər" mövzusunda konfrans keçirilib

Hanoyda "Vyetnam-Azərbaycan əlaqələrinin 25 illiyi: nailiyyətlər və gələcək perspektivlər" mövzusunda konfrans keçirilib
© Azərbaycan XİN

Azərbaycan səfirliyi və Vyetnam Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə Hanoyda "Vyetnam-Azərbaycan əlaqələrinin 25 illiyi: nailiyyətlər və gələcək perspektivlər" mövzusunda konfrans təşkil edilib.


Azərbaycan XİN-dən ucarliyiq.biza verilən məlumata görə, konfrans Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Vyetnam xarici işlər nazirinin müavini Bui Tanq Son konfransda xüsusi qonaq qismində çıxış ediblər.


Konfransda Vyetnam Xarici İşlər Nazirliyi, Vyetnam Kommunist Partiyası və digər dövlət təşkilatlarının rəsmiləri, parlamentin üzvləri, gənclər təşkilatlarının nümayəndələri, universitetlər, habelə Hanoydakı diplomatik korpusun təmsilçiləri iştirak ediblər.


Üç sessiyadan ibarət olan konfransda Vyetnam-Azərbaycan əlaqələrinin tarixi, əldə olunmuş nailiyyətlər və əməkdaşlığın gələcək perspektivlərinə dair mühazirə və çıxışlar olub.


Konfransda giriş nitqi ilə çıxış edən Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafında 1959-cu ildə Vyetnam Sosialist Respublikasının sabiq prezidenti Ho Şi Minin Azərbaycana səfəri, həmçinin 1983-cü ildə Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama səfərini xüsusi qeyd edib.


Elmar Məmmədyarov 2014-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verdiyini diqqətə çatdırıb.


İki ölkənin hakim partiyaları və parlamentləri arasında mövcud sıx əməkdaşlığa toxunan nazir Elmar Məmmədyarov humanitar sahədə ikitərəfli əməkdaşlığın inkişafını yüksək qiymətləndirib.


Nazir çıxışında enerji, sənaye, informasiya texnologiyaları, kənd təsərrüfatı, səhiyyə, təhsil, mədəniyyət və digər müxtəlif sahələrdə Azərbaycanın əldə etdiyi nailiyyətləri barədə məlumat verdi və Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələri barədə danışdı.


Elmar Məmmədyarov Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Azərbaycan və İran İslam Respublikasının dəmir-yol xətlərinin birləşdirilməsi istiqamətində görülən işlərə toxunaraq, bu layihənin və eləcə də onun Cənub-Qərb komponentinin Vyetnamın ixrac məhsullarının Avropa İttifaqı bazarlarına daha tez və effektiv şəkildə çıxarılması üçün əlverişli imkanlar yaradacağını bildirdi. O əlavə etdi ki, Azərbaycan və Vyetnamdan olan mütəxəssislər bu sahədə əməkdaşlıq imkanlarını müzakirə etmək üçün tezliklə görüş keçirəcəklər.


Daha sonra nazir Ermənistanın Azərbaycana qarşı təcavüzü, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi barəsində məlumat verərək, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin hələ də Ermənistan tərəfindən yerinə yetirilmədiyini və Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun münaqişənin həllinə əsas maneə olduğunu vurğulayıb. Nazir E.Məmmədyarov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu bir daha bəyan edib.


Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin 11 sentyabr 2017-ci il sərəncamı ilə Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Nghiem Vu Khainin “Tərəqqi” medalı ilə təltif edildiyini bildirib.


Tədbirdə Vyetnam xarici işlər nazirinin müavini Bui Tanq Son, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Nghein Vu Khai, Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Rauf Əliyev, Vyetnam Milli Assambleyasının Xarici Əlaqələr Komitəsinin sədr müavini Nqo Duk Man və Vietsovpetro Birgə Müəssisəsinin baş direktoru Tuan Ten Nqia və digər şəxslər çıxış ediblər.


Konfransda Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundovanın Vyetnam dilində çap edilmiş "İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda" adlı kitabının təqdimatı keçirilib.

Interesting facts scroll top