» » » Elmar Məmmədyarov Vyetnamın hakim partiyasının rəsmisi ilə görüşüb

Elmar Məmmədyarov Vyetnamın hakim partiyasının rəsmisi ilə görüşüb

Elmar Məmmədyarov Vyetnamın hakim partiyasının rəsmisi ilə görüşüb
© Azərbaycan XİN

Vyetnamda rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və Daimi Katibliyinin üzvü Trank Quok Vuonqla görüşüb.


XİN-dən ucarliyiq.biza verilən məlumata görə, E.Məmmədyarov Vyetnama rəsmi səfərinin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf etdiyini xatırladaraq ikitərəfli əməkdaşlığın inkişafından məmnun olduğunu bildirib.


Həmçinin 2019-cu ildə Vyetnam sabiq prezidenti Ho Şi Minin Azərbaycana səfərinin 60 illiyinin qeyd ediləcəyini, bu, eləcə də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama etdiyi səfərin ikitərəfli münasibətlərin formalaşmasında önəmli mərhələ olduğunu vurğulayıb. 


E.Məmmədyarov Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı və Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Rauf Əliyevin də yer aldığını qeyd edərək, YAP ilə Vyetnamın Kommunist Partiyası arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib.


Daha sonra Azərbaycanın XİN başçısı rəsmi səfəri çərçivəsində keçirdiyi səmərəli görüşlər barəsində həmsöhbətini məlumatlandırıb və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından geniş müzakirələrin aparıldığını bildirib.


Xüsusilə iqtisadi əməkdaşlıq sahəsinə toxunan E.Məmmədyarov Azərbaycanın Vyetnam ilə Avropa arasında nəqliyyat bağlantısı rolunu oynaya biləcəyini diqqətə çatdırıb və Şimal-Cənub nəqliyyat dəhlizinin perspektiv imkanlarından danışıb.


Trank Quok Vuonq Azərbaycan və Vyetnamı ənənəvi və uzunmüddətli dost ölkələr adlandıraraq, müxtəlif dövrlərdə ölkəsinə verdiyi dəstəyə görə Kommunist Partiyası adından Azərbaycana təşəkkür edib. Həmçinin, mövcud əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.


Görüşdə iki ölkə arasında sərmayə qoyuluşu, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Interesting facts scroll top