» » » AŞPA həmməruzəçisi: “Azərbaycanın Avropa Şurasından çıxması təşkilat üçün böyük problem yaradacaq” - MÜSAHİBƏ

AŞPA həmməruzəçisi: “Azərbaycanın Avropa Şurasından çıxması təşkilat üçün böyük problem yaradacaq” - MÜSAHİBƏ

AŞPA həmməruzəçisi: “Azərbaycanın Avropa Şurasından çıxması təşkilat üçün böyük problem yaradacaq” - MÜSAHİBƏ
© Report


Sezar Florin Preda: “Azərbaycan da çıxsa, Avropa Şurası qapalı bir təşkilat forması alaraq Avropa İttifaqına bənzəyəcək”



Strasburq. 12 oktyabr. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçi Sezar Florin Predanın ucarliyiq.biz-in Fransa bürosuna müsahibəsi. 



- Bu gün Azərbaycanda demokratik təsisatların fəaliyyəti sahəsində aparılan islahatları necə qiymətləndirirsiniz?



- Azərbaycanda islahatların gedişatını Avropanın digər dövlətlərindəki islahatlarla müqayisə edə bilmərik. İslahatların həyata keçirilməsi hər bir ölkənin tarixi, mədəniyyəti, mentaliteti və digər faktorlarla sıx bağlıdır. Bu prosesin sürəti hər bir dövlətdə müxtəlif formada həyata keçirilə bilər. Burada mühüm olan islahatların bünövrəsinin və təmayülünün düzgün qoyulmasıdır. Mən deyə bilərəm ki, Azərbaycanda insan hüquqlarının inkişafı, demokratik təsisatların fəaliyyəti istiqamətində həyata keçirilən islahatlar tamamilə düzgün istiqamət alıb. İslahat prosesinin gedişatının nə qədər vaxt aparacağını əvvəldən demək mümkün deyil. Azərbaycanda islahatların həyata keçirilməsi uzun müddət davam edə bilər. Məsələn, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yenilənməsinə ehtiyac var. Ancaq bunu iki günə etmək mümkün deyil. Biz bu gün Azərbaycandan Avropa Şurasının üzvü kimi imza atdığı sənədlərin icrasını tələb edirik. Ancaq Avropa Şurası da Azərbaycanı üzv qəbul etməklə öz üzərinə öhdəlik götürüb və ölkəni bu çətin yolda dəstəkləməlidir. Beləliklə, hər iki tərəf bu istiqamətdə səylərini artırmalıdır.



- Bəs Azərbaycanla bağlı hesabatın hazırlandığı dövrdə hansı çətinliklərlə üzləşmisiniz?



- Təbii ki, çətinliklərimiz təzyiqlərlə üzləşməyimizlə bağlıdır. 



Belə ki, bir tərəfdən Avropa Şurası daxilində xoşagəlməz debatlar, söz-söhbətlər şəraitində işləməli olmuşuq.



Digər tərəfdən də vətəndaş cəmiyyətinin üzvləri tərəfindən təzyiqlərə məruz qalırdıq. Bizə çoxlu sayda məktublar gəlirdi. Onların arasında qeyri-hokümət təşkilatlarının (QHT) üzvləri, jurnalistlər var idi. Bu təzyiqlərlə Azərbaycandakı islahatların gedişatına təsir göstərməyimizi istəyirdilər. Bu isə həmməruzəçilərin səlahiyyətləri xaricindədir. Biz hakim deyilik və mühakimə etmirik. Bizim işimiz monitorinq müddətində gördüyümüz, xəbərdar olduğumuz faktları aydınlaşdırıb məruzə etməkdən ibarət idi. 



Lakin bu hesabatın yazılması ilə əlaqədar Azərbaycan höküməti tərəfindən bizə heç bir təzyiq göstərilməyib və əvəzində heç nə də təklif olunmayıb.









- Ümumiyyətlə, Azərbaycanda islahatların uğurla həyata keçirilməsinə necə töhfə vermək olar?



- Azərbaycanda islahatların inkişafına yalnız xalq və hökümət cavabdehdir. Ümumiyyətlə, ən qüvvətli güc insanın daxilində olduğu kimi, ölkənin də daxilindədir. İslahatların sürətləndirilməsinin yeganə açarı Azərbaycan höküməti ilə vətəndaş cəmiyyətlərinin dialoqunun intensivləşməsidir. Biz səfərlərimiz zamanı Azərbaycan höküməti ilə çox rahatlıqla dialoqa girə bildik. Azərbaycanda olduğumuz müddətdə görüşlərin təşkili, ümumiyyətlə, fəaliyyətimizlə bağlı bizə heç bir rədd cavabı verilmədi.






- Azərbaycana növbəti səfərinizi nə vaxta planlaşdırırsınız? 



- AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri kimi Azərbaycana növbəti səfərimiz gələn ilin fevral ayında baş tutacaq. Biz səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin sədri, Prezident Administrasiyasının rəhbəri, Konstitusiya Məhkəməsinin sədri, Mərkəzi Seçki Komissyasının sədri, daxili işlər, ədliyyə nazirləri, siyasi partiyalar və vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlərlə görüşəcəyik. Ümumiyyətlə, Azərbaycanda, demək olar ki, əlaqəmizin olmadığı sosial təbəqə yoxdur. Bundan başqa, səfər çərçivəsində 200 azərbaycanlı tələbə ilə də görüşməyi planlaşdırırıq. Həmişə eyni şəxslər, eyni görüşlər şablonundan uzaqlaşmaq vaxtıdır. Biz hökümətlərdən siyasətlərində müsbət dəyişikliklər etməyi tələb etdiyimiz halda, öz işimizə də konstuktiv yanaşmalı, yeni metodlar tətbiq etməliyik.



- Bəs Azərbaycanın Avropa Şurasından çıxması məsələsinə münasibətiniz necədir?



- Mən Azərbaycanın Avropa Şurasını tərk etməsini istəmirəm. Rusiya Avropa Şurasını tərk etdi, Türkiyə də tərk etmək niyyətindədir. Əgər Azərbaycan da Avropa Şurasından çıxsa, bu, təşkilat üçün böyük problem yaradacaq. Çünki belədə Avropa Şurası qapalı bir təşkilat forması alaraq Avropa İttifaqına bənzəyəcək. Əlbəttə, Azərbaycan Avropa Şurasına ehtiyacı olmadığını hesab edirsə, qurumdan çıxa bilər. Lakin Azərbaycan hökümətinə məsləhətim Avropa Şurasını tərk etməməsidir. Çünki Azərbaycan bu təşkilatın ən mühüm yerlərinə qalxmaq üçün potensial imkanlara malikdir.



Mən çox təəssüflə də olsa deməliyəm ki, son zamanlar Avropa Şurası daxilində keyfiyyətli siyasətçilərin sayı azalıb. Əgər II Dünya müharibəsindən sonrakı dövrlərdə Avropa Şurasındakı siyasətçilərin səviyyəsi indikilər kimi olsaydı, bu təşkilat, ümumiyyətlə, heç mövcud olmazdı.



Vüsalə İsmətqızı, Strasburq

scroll top